HƏR HANSI BİR MATERİALDAN İSTİFADƏ ETMƏZDƏN ÖNCƏ ƏLAQƏ SAXLAYIN.

SƏNƏTKARLARIMIZ


Tikmə sənətində iz qoymuş dahilər: Arifə Məmmədovanın fəaliyyəti və yaradıcılığı.




Azərbaycan ərazisində müxtəlif zaman dövrlərində parlayan müxtəlif sənətkarlıq paytaxtları olmuşdur. Demək olar ki, hər şəhərimizi zəmanənin müxtəlif dövrlərində hansısa sənətlə məşhur olmuşlar. Bir sahədə deyil çox vaxt eyni vaxtda çox növ sənətkarlıq bir bölgədə parlayırdı. Çünki sənətkarlığın hansısa bir sahəsini digərlərindən ayırmaq mümkün deyil.Yaxşı həllaç, yaxşı zərgər, yaxşı sap, yaxşə xarrat,yaxşə parça toxucuları, yaxşı boyaqcılar olmalıydı ki, yaxşı tikmə üstaları da gözəlliklər yarada bilsinlər. uzun məsafələrdən material gətirilməsi işlərin zəif getməsinə səbəb olurdu, ona görə də sənətkarlar çox vaxt hansısa bir bölgədə toplaşırdılar.Belə sənətkarlıq paytaxtı kimi Təbriz, Şamaxı, Naxşçıvan, Şəki, Şüşa, Gəncə və digərləri təkcə Şərq yox həm də qərb səyyah və diplomatlarının kitablarında böyük heyranlıqla anılır. Demək olar ki, bütün şəhərlərimizin adlarını tarixin müəyyən dövrlərində tarixçilərin kitablarında, hökmdarları mədh edən qədim kitablarda görmək olar. Bu şöhrət həmişə heyranlıq yaratmır,çox vaxt qısqanclıqla da qarşılanıb. Sənətkarlar sürgun olunub, yurd yuvasından uzaqda məcburi işlərdə çalışmalı da olublar.Sovolev H.H."Oçerki po ukraşeniyam tkani" -M. L. 1934 ildə çap olunan kitabında yazır ki, "Qədim mənbələrə görə Azərbaycan ərazisində yaranan Eramızdan əvvəl VII-VI əsrlər Midiya dövləti sənətkarlıqda ,xüsusiylə də toxuculuq və tikmə naxış işində Yaxın Şərq ölkələri arasında daha üstün mövqe tuturdu.". Mehdi Behişti Pur "Tarixçeyi nəssaqi -İran"(fars dilində) əsərində yazır ki, "Azərbaycan İran toxuculuq tarixinin əsasını təşkil edir." Tariximizin dövrlərində bütün sahələr kimi tikmə sənətkarlığı da xalqımızın həyat tərzinə bağlı dəyişikliklərə məruz qalıb.


Ən yaxın tarix olan XIX əsrin sonlarından tikmələrimiz yüksək sənayeləşmənin təsirindən qismən tənəzzül dövrü yaşayıb. Əvvəllər qadınların yaratdığı tikmələri sənayiləşmə dövründə kiçik müəssisələrdə işləməyə başladılar. O dövrdə qadınlar əksərən evdə oturar, hardasa işləməyə izn verilməzdi. Fabriklərlə ayaqlaşmmağa çalışan karxanalarda isə çox iş saatı və gərgin zəhmət tələb olunurdu. Bacardıqca çox istehsal etməyə çalışırdılar.Bu dövrdə kişilər tikmələrlə məşğul olmağa başlayırlar. Bu ağır zəhmətli işi öz üzərlərinə götürürlər. Demək olar ki bütün karxanalarda kişilər işləyirdi.1888-ci ildə Şəkidə 25(iyirmi beş) təkalduz ustası və onların 50(əlli) şəyirdi(şagirdi) var idi.Onların illik gəliri 3000 manat idi.(Müqayisə üçün deyim ki, 3 manata bir qoyun almaq olurdu).1891 ci ildə isə 20 dükan var idi . Burada 100 nəfər çalışırdı.Demək hər dükana 5 nəfər düşürdü.Bu təkalduz sənətkarlığının əmtəə xarakteri almasına sübutdur. Şəki tacirləri Bakı və Odessa limanları vasitəsi ilə Orta Asiya, İran, Türkiyə, Fransa, Polşa, İtaliya və Moskva ilə ticarət əlaqəsi saxlayırdılar.!916-cı ildə Şəkidə 52 244 nəfər əhali yaşayırdı.XX əsrin ilk əvvəllərində Şəki və onun qəzalarında 127 ipək emal edən müəssisədə 3505 fəhlə işləyirdi və 1 192 000 manatlıq ipək istehsal edirdirdilər. 5- 6 iri boyaqxana fəaliyyət göstərirdi. kəlagayı toxunur. tikmələr işlənilirdi. 1872-ci ildə Moskva politexnik sərgisində təkalduzçü Məşədi Abdul Rza oğlu mahud üzərində rəngli ipəklə işlədiyi tikmə gözəlliyinə görə "Böyük gümüş medal" almışdır. 1882-ci ildə Moskva bədii -sənaye sərgisində Şəkili Əli Ələkbər müxtəlif əl işlərinə görə mükafatlandırılmışdır.



Aşağıdakı siyahıda XIX -XX əsrin əvvəllərində Paris, London, Sankt- Peterburq, Moskva, Tiflis,və s şəhərlərdə təşkil olunmuş sərgilərdə iştirak edib, yüksək mükafat alan sənətkarların( bədii parça toxuculuğu, boyaqcı, kəlağayı və tikmə ustaları) siyahısı verilib.


1. Abbasqulu Həsənqulu oğlu (Cəbrayıl qəzası, Dördçinar kəndi, toxucu)
2. Abdullayev Lətif (Şamaxı, toxucu)
3. Ağamövsüm Məhəmməd Allahverdi oğlu(Nuxa, toxucu)
4. Ağanisə Hüseynqulu qızı(Lənkəran vilayəti, toxucu)
5. Allahqulu Hacı oğlu (Quba, boyaqçı)
6. Axundova Şəkər xanım ( Tiflis, tikişçi)
7. Əbdülkərim Seyidməmməd oğlu(Nuxa, kiçik Dəhnə, təkalduz)
8. Əkbərov Ağabəy(Nuxa, təkalduz)
9. Əliabbas Cəbrayıl oğlu( Basqal, kəlağayı )
10. Əsməgül Baba qızı( Bakı, Novxanı,tikişçi)
11.Qaffarov Hacı Məmmədəli (Şuşa toxucu)
12. Qəribov (tiflis, baftaçı)
13. Bağır Mirzə oğlu(Lənkəran vilayəti, toxucu)
14. Qoca Kələntər oğlu( Lənkəran, toxucu)
15. Qüdrətqulu Ələkbər oğlu(Cəbrayıl ,heratlı kəndi, toxucu)
16. Quliyev qardaşları ( Baskal, kəlağayı)
17. Dəbirova Məryəm(Balakən, toxucu)
18. Yusif Əbdürrəhim oğlu( Nuxa , toxucu)
19. İbrahim Məmməd İsmayıl oğlu(Salyan ,toxucu)
20. İbrahim Xəlil oğlu(Şuşa toxucu)
21. İbrahim Ağamirzə oğlu( İrəvan, təkalduz)
22. İmamqulu İmamverdi oğlu( İrəvan , qələmkar)
23. İmamqulu Məmmədqasım oğlu( Şüşa ,güləbətin)
24.İsmayılxan Naxçıvanlı(Naxçıvan toxucu)
25.İsmixan Məmmədxan oğlu9 İrəvan, Çərçiboğaz kəndi, toxucu)
26.Kəblə İsmayil kəblə Məmməd oğlu( İrəvan baftaçı)
27. Gülqasım Rza oğlu(Lənkəran vilayəti ,toxucu)



XX əsrin sonlarında Şəki şəhərini Nuxa adıyla çağırırdılar. O zaman şəhərdə təkalduzla məşğul olan sənətkarlardan Ələsgər və Cabbar camaat arasında daha çox məşhur idi. Daha sonralar Sovet qurluşunun ilk illərində Abuzər Lətifov və Rza Tağızadə ad çıxartmışdılar. Rza dayının əl işləri yerli muzeylərdə qorunub saxlanılır.Ancaq onun dövründə tikmə sənəti artıq itib batmaqda idi və o böyük, çoxsaylı sənətkar şəhərinin sonuncu təkalduz ustası olaraq qeyd edilirdi. Rza Tağızadə qızı Möhtərəm xanıma sənətin sirrlərini öyrətsə də sənətkarlıq məktəbi demək olar ki itməkdə idi. Möhtərəm xanım həm də orta məktəbdə ingilis dili dərsi verirdi. onun şagirdlərindən biri olan Arifə xanımda hələ orta məktəbdə müəlliməsinin sənətinə olan vurğunluq yaranır.Təbiətən gözəllik aşıqı olan Arixə xanım Məmmədova ipək ilmələrəin gözəlliyinə vurğunluğunu bütün ömrü boyu ürəyində daşıyıb.
Arifə xanım tikmələrin itib batmadan günümüzə qədər yol gəlməsində böyük rolu olan sənətkarımızdır. O zamandan tikmə məktəbinin itib batmamasıyçün hədsiz böyük zəhmət çəkmiş və bu yolda həyatını,ömrünü sərf etmişdir.
Qədim bir ipəkçi nəslinin nümayəndəsidir. Onun babası KƏRİM AĞA (Qışlaqdakı Çərşənbə ocağının nəvələrindən idi.) ipək karvanlarını Odessa limanından Fransaya qədər aparardı. Şəkidə ipək aqurdunun becərilməsindən kəlağayı toxunmasıana qədər bütün mərhələləri olan karxanaları, sexləri vardı.O dövrdə Şəkidə fəaliyyət göstərən 5-6 boyaqxanadan biri də onunku idi. 1921-ci ildə Şəkidə ipək emal edən iri müəssisə qurulmasına qərar verilir. Fəaliyyətdə olan karxanalar 3 iri müəssisədə birləşdirilir. Onun 24 dəzgahlı sexində fəaliyyət o zamankı texnikanın ən son nailiyyətləri əsasında qurulmuşdu. O, səfər etdiyi müxtəlif ölkələrdən bütün yenilikləri öyrənməyə çalışır və bu yeni üsulları yerli sexlərdə də qurmağa çalışırdı.O, Tİflisdən dördayaqlı toxuma dəzgahlarını gətirib işlədən ilk Şəki ustalarından idi. İlk dəfə isti usulla baramaların açılmasın ilə yanaşı soyuq üsulla da açılmasını tətbiq etmişdir. Hamıda at qüvvəsiylə hərəkətə gətirilən dəzgahlar onun karxanasında buxarla hərəkətə gətirilirdi.KƏlağayıları öz eskizi ilə, xüsusi hazırlanmış basma qəliblərlə, yüksək zövqlə hazırladardı. O zamanın bəyləri kimi digər sənətkarlıq sahələrini də çox dəyərləndirərdi.Şəkidə həm ipəkçiliyin, həm də zərgərliyin inkişafında böyük rolu olmuşdur. Tez -tez öz eskizi ilə zərgərlərə sifarişlər verərdi. Öz eskizi ilə hazırlatdığı qızıl cərgəgül ( xüsusi tacabənzər saç bəzəyi)ilə, adətən ticarətçün getdiyi Tiflisdə əslən cənubi azərbaycanlı olan təbrizdən mal gətirən tacir dostunun qızını oğluyçün istəmiş, elçilik etmişdir. Quranı əzbər bilən hafiz Kərim ağa əhalisinin çox hissəsi savadsız olan Şəkinin savadlanması üçün yaradılan "Nuxa"cəmiyyətinin fəaliyyətində yaxından iştirak etmişdir.Öz evindəki böyük kitabxananın qapısını xalqa açmış və oxu zalı yaratmışdır. 1914-cü ildə Şəkidə 4 xeyriyyə cəmiyyəti, 2 kitabxana fəaliyyət göstərirdi. Kərim ağa özü də eşidib bildiyi tarixi hadisələri qələmə alırdı. Lakin bu əlyazmaların əksəriyyəti, bütün kitabxana kimi sovet höküməti qurulanda yandırılmışdır. Kərim ağa məktəblərin yaradılmasında da yaxından iştirak edirdi. Özünün 9 uşağından böyüklərinə təhsil verə bilsə də zəmanənin gərdişindən balacaların təhsili böyük sual altında qalır.Ən son ana qədər duruş göstərməyə çalışsa da, sovet hakimiyyətinin təkərləri onunda fəaliyyətini əzib məhv etmişdir.1927-ci ildən başlayaraq təqiblərə məruz qalır. Kərim ağanın özünün və iləsinin səsi alınır, sənədləri yandırılır, evinə atlı sovetlər dəstəsi basqın edərək çox şeyləri aparılır. Soyub talayırlar. 1828-ci ildə ipək fabriki tikiləndə bütün ətraf ərazilərdən yığılan 470 qazandan ənbiri 3-ü onun müəssisəsindən götürülmüşdü. Bağ- baxça sahələrindən tutmuş evindəki xalılarına kimi hər şeyi müsadirə olunur. Mənəvi məhrumiyyətlərə məruz qalırlar. 1930- cu ildə səsləri alındı və Kərim ağa həbs edildi. Ona qarşı heç bir ittiham irəli sürə bilməyən sovet hökuməti qısa müddətdən sonra onu buraxmağa məcbur olsa da, daima izlənilir təqiblərə məruz qalır,izahsız və anlaqsız şaiyələrlə üz-üzə qalır. 1935-ci ildə Özbəkistanın Buxara şəhərinə sürgün olunur. Evindən öz sevimli saatından başqa heç bir şey götürmədən çıxır. Xanımı Səyalı və uşaqlarından uzaqda Buxara yaxınlıqındakı Kaqan( el arasında Qoqant) şəhərində də öz sevimli peşəsindən ayrı qalmır. ipək yetişdirir,sap əyirir, bildiklərini yerli istehsalçılara öyrədir və el arasında böyük hörmət qazanır. Yeni üsulla işləyən sexlər qurur, hökümətin güzəştlərinə nail ola bilir. Bir neçə il sonra ailəsinin yanına gəlməsinə icazə ala bilsə də bu qovuşma uzun sürmür. 1939-ci ildə amansız əcəl onları yenə ayırır. Deyirlər onun dəfn mərasimində məscid və onun həyəti təmamən dolu idi. təqribən 500 adam toplaşmışdı. Kərim bəyi Kaqan da dəfn edib üzərində kiçik bir məqbərə tikilir. Ordakı fəaliyyətinə görə kiçik bir şərait yaradılmışdı, amma Səyalı xanım Kərim ağanın vəsiyyətinə," uşaqları da götür vətənə qayıt" sözlərinə əməl edir. Çox çətinliklə vətənə qayıdan Səyalı nənə evin tarı-mar olunduğunu görür. Evə bitişik həyət, qarşısında olan quru torpaq belə qonşular arasında bölünmüşdü. Təmamilə əşyasız, qapı pəncəri yağmalanmış bir evin küncünə uşaqlarla bərabər sığınaraq evin qalan hissəsini kirayə verir. Səsləri alındığı və pasportları olmadığından işləməyə icazə verilmir.Uşaqların üçü birdən qızılcaya yoluxur Cəmiləxatun və Saleh sağalır, kiçik Valeh isə xəstəliyə tab gətirə bilmir. Kərim bəyin hərbçi təhsili verdiyi iki böyük oğlunu Səyalı nənə II dünya müharibəsində itirir. 1938-ci ildə SƏLİM ALXASOV Litva respublikasının Alitus şəhərində xidmət edirdi. II dünya müharibəsi başlayanda ön cəbhəyə göndərilir,evə isə itkin düşdü kağızı göndərilir. 1940-cı ildə MƏMMƏDİYYƏ ALXASOV Moldova Respublikasının hərbi komissarlığında işləyir. 1941-ci ildə Topçu Alayının Batareya Komandiri kimi kapitan rütbəsində Odessa, Sevastopol, Simferopol cəbhələrində döyüşür və 1942-ci ildə evə itkin düşüb kağızı göndərilir.Çox ağır müharibənin çətinlik illərində Səyalı nənə 7 №-li ipək zavodunda fəhlə kimi amma yarımmaaşla çalışır. Tam maş almaqçün "ğlmüş ərini vətənəxəyənaət edən canı olduğunu və ondan nifrət edərək imtina etdiyini təsdiq edən bu sənədə qol çək və pasportunu geri al" deyirlər.Səyali nənə bu təklifdən imtina edir. Hamı kimi işləsə də yarımmaaaş alır. Hamı müharibədən sağ çıxmaqçün çalışır. Qızlar da gizlicə işləyib analarına kömək etməyə çalışırlar. Övladlarının müharibədə itkin düşdüyü xəbərlərini arda -arda eşidən Səyalı ana danışa bilmir, dili tutulur, qısa müddətdə halı pisləşir. Həkim belə çağırmaqdan qorxan qızlar məcbur olurlar. Paralic olduğu və çox bahalı müalicə lazım oldugunu deyir evə gələn həkim. Üç qız və balaca qardaşları xəstə anaya qulluq etməyə və ayaqda qalmağa çalışırlar.İşləmək icazəsi olmadığından evin böyük qızı həbs olunur. Qısa müddət sonra sübüt olmadığından buraxılır. Kərim bəyi çoxdan tanıyan insanlar ailəyə kömək etməkçün gizlicə iş verirlər. Evin sevimlisi kicik qızları Cəmiləxatun o illərdə evdə həm anaya baxır, həm də kəlağayı toxuyur. Müharibə illərində cərrahiyyə əməliyyyatrlarında istifadə edilən ipək sapları 3 №-li ipək fabrikinin fəhlələri istehsal edir. Özlərinin paltarları yamaqlı olsa da cəbhəyə sap, bint və parça toxuyan isnanlar fədakarlıq göstərmişlər. Cəmiləxatun lazımı geyimi olmadığından məktəbə gedə bilmir. Təhsil ala bilmir, amma gözəl şallar kəlağayılar toxuyur, saçaq vurur. Nəslin ipək sevgisi davam edir.


İskəndər kişinin və Cəmiləxatunun ailəsində dünyaya gələn dörd uşaqdan biri də Arifə Məmmədovadır. Evin böyük qızı 1955-ci il may ayının 1-də gözəl bir yaz səhərində Şəki şəhərində dünyaya göz açmışdır. Nİzami Gəncəvi adına 7 № -li orta məktəbdə oxuyanda ipəkçilik üzrə toxuculuq peşəsinə yiyələnir. Məktəbi qutardıqdan sonra 1972 -ci ildən atasının yanında Şəki İpək koombinatında işləməyə başlayır. Ürəyində böyüyən yeniliklər etmək həvəsini gerçəkləşdirmək yolunun ancaq təhsildə olduğunu başa düşür. Hələ 1969-cu ildən respublikamızın rəhbəri olan Heydər Əliyevin istedadlı gənclərə verdiyi diqqət Arifə xanımın da həyatını dəyişir. Məktəbi əla qiymətlərlə bitirib istehsalata atılan gənc Moskvaya oxumağa göndərilir. 1975-ci ildə Moskva texnologiya Universitetinə daxil olur. Qız uşağının evdən uzaqda oxumasına mane olmağa çalışan qohumlar ailə qurmasını istəyiblər.Təkidlər nəticəsində təhisilini yarımçıq qoymağa məcbur olur. Amma məqsədini əsla unutmur. Sonrakı illərdə ŞƏki ipək kombinatında mühəndis-texnoloq vəzifəsində çalışır. İşlədiyi müddətdə yeni parça boyaqları, rəngləmə üsullarının təkmilləşdirilməsinə dair səmərələşdirici təkliflər verir. O dövrdə Özbəkistandan, Yaponiyadan gələn qonaqları da iş yenilikləri ilə təəccübləndirə bilib. Verdiyi səmərələşdirici təkliflər sayəsində Şəki İpək Kombinatının ipəyini dünyanın ən keyfiyyətli ipəyi hesab etdilər. İdarə heyətinin təklifi ilə komsomol təşkilatının katibi vəzifəsinə seçilir,orda işlədiyi bütün müddətdə komsomol təşkilatının katibliyinə rəhbərlik edib. Parça eskizlərinin işlənməsində də kombinatın rəssamı - həyat yoldaşı ƏLiyev Əlimahir ilə birlikdə bərabər çalışırlar, yeni zərif naxışlı parçalar yaradırlar. Şəhər rəhbərliyində kombinatın işfəaliyyəti qiymətləndirilir və hər il ipək bayramları keçirməyə başlayırlar. O dövrdə İpək Kombinatına rəhbərlik edən Tacədddin Əfəndiyev onu çağırıb təklif edir ki, " Partiyay keçmək üçün ərizə yaz, sənin namizədliyini deputatlığa secilmək üçün irəli sürüləcək ." Ancaq Kərim ağanın nəvəsi deputatlığa seçilməkdən imtina edir. " Nədən imtina etdiyini anlamırsan " iradı ilə qarşılaşsa da hələ çox illər kombinatda qalıb uğurlu fəaliyyət göstərir. Təhsil almaq arzusu ilə 1982-ci ildə Şəki 91 №-li Texniki Peşə Məktəbinə daxil olur. Orada tikmə və toxuculuğa aid nəzəri biliklər alır.Naxişların möcüzəli aləmi onu cəlb edir. Nuriyyə müəllimə tikmələri öyrədir. Onun kimi digər müəllimlərin bildikləri hər şeyi öyrənməyə çalışsa da, bu biliklərin yalnız nəzəri və dayaz olması onu qane etmir.onda o özü axtarış aparmaq qərarına gəlir. Muzey-muzey,ev-ev gəzib tikmələrin sehirli dünyasından sızan cüzi məlumatları toplamağa çalışmışdır.İtməkdə olan bu aləm onu həddindən artıq cəzb edir. Hələ oxuduğu dövrdə tikmənin müxtəlif növlərində -təkalduz, oturtma tikmə, sanama tikmə, muncuqlu və piləkli tikmə, doldurma tikmə, şəbəkə tikmə, güləbətin tikməsi ilə müxtəlif işlər hazırlayır. Əliyev Əlimahir də həmin dövrdə xalq sənətinin sahələrində yaradıcı axtarışlar edir.Qədim kəlağayıların üzərindəki naxışların basma qəliblərini qoz ağacından yonur, öz yeni eskizləri ilə naxışlı qəliblər hazırllayır, kəlağayıları həm qəlib ,həm də batika üslubunda yeni nümunələrini hazırlarlar. Bundan başqa Şəkinin yerli gil torpağını ələyib yerli gil ilə keramik qablar ,müxtəlif fiqurlar, xüsusiylə sonradan hamının diqqətini cəkəcək dinozavrlar hazıırlayırlar.Gildən hazirlanmış kicik detalllardan bəzək əşyaları - sırğalar , bilərziklər, muncuqlar, yerli torpaqdan təsbeh, breloklar, Şəki torpağından düzəldilmiş mini miniatür ölçülü kərpiclərdən müxtəlif mozaikalar və bütöv bir qala şəhərin monumental yığlmasını gerçəkləşdirilər. Qabların üzərində şirəli və şirəsiz naxışlar salır, yağlı tablolar çəkirlər. Bu qədər müxtəlif perespektivli sahələrdə çalışsa da itib batmaqda olan tikmələrin taleyi onu çox narahat edir.Bunun qarşısını almaqçün fəaliyyət planı hazırlayır. Bu məqsədlə təcili fəaliyyətə başlayan Arifə xanım çox çətinliklə 1980-cı ildən pionerlər evində tikmələrin öyrədilməsi üçün kursun açılmasına nail olur.uşaqları başına yığır, onlarda tikməyə meyl yaradır, öz vəsaiti hesabına material iynə, sap, parca,alır,hətta satışda və bazarda artıq olmayan .ustaları belə itən saxnağı sifarişlə uşaqlarçün düzəltdirir, öz vəsaitiylə alıb uşaqlara çatdırır onlara tikmənin sirrlərini öyrədir. Bu dövrdə özü də hələ təhsil alırdı. Həm ev işləri, həm kombinatdakı fəaliyyəti, həm uşaqlar, həm təhsil onun həyatını çətinliklərlə doldurur. Ətrafdakı adamlara nüfuz etmək qabiliyyəti ilə qrup yoldaşlarını da bu işlərə cəlb edir. Bir il sonra qardaşının həyat yoldaşına çevriləcək qrup yoldaşını tikmələri tədris etməkçün 9 № -li orta məktəbdə əmək müəllimi kimi fəaliyyətə təşviq edir. Təhsillərini bitirdikdən sonra özünün işlədiyi bu məktəbdəki fəaliyyətin davam etdirilməsini ona həvalə edib, özü başqa məktəbə kecir. 1985-ci ildən 19№-li məktəbdə rəsm və rəsmxətt müəllimi kimi fəaliyyətə başlayır,o vaxta qədər olmayan fənn kabinetlərini qurmağa başlayır. Bundan başqa çoxsaatlı dərnəklərdə dərs verir. Tezliklə bu məktəbdəki kabinetin və uşaqların əl işlərinin şöhrəti bütün Şəkiyə yayılır. Şəhərin yüksək vəzifəli hakimiyyət nümayəndələri nümunəvi məktəb kimi dəfələrlə məktəbə gəlir və orada tədbirlər keçirirlər.Şəhərə gələn qonaqları mütləq məktəbin bu kabinetini ilə də tanış edirdilər.
1985-ci ildə Azərbaycanda ilk dəfə olaraq hörmətli cənab Heydər əliyevin təşəbbüsü ilə Qız Qalası ətrafında Azərbaycan xalq sənətkarlarının I festivalı keçirilir. Bu festivalda iştirak edən öz əl işləri ilə iştirak edən Arifə xanım Heydər Əliyevin ora gəlişini unutmur. Festivalda Heydər Əliyev çıxış edir və bir zaman İcəri Şəhərdə sənətkarlar məhəlləsi yaradılacağından bəhs edir.Bu gözəl gələcək planlarından hamı çox təsirlənir.Bu görüşün xatirələri hələ çox uzun zaman ürəklərdən silinməyəcək.
Şəkiyə dönəndə qurub-yaratmaq həvəsi ilə coşan Arifə xanım işlərinə yeni nəzərlərlə baxır. 19№-li məktəbdə bu işi öyrənən uşaqların böyük bir dəstəsi və öyrədə biləcək müəllimlər də yetişdirdiyinə görən Arifə xanım sənətkarlığın dah bir ocağını yaratmaq məqsədi ilə burda işləyə işləyə paralel olaraq 8№-li məktəbdə də fəaliyyətə başlayır. İşə yeni fəaliyyətə başladığı məktəbdə daha da böyük həcmdə davam etdiri. Yeni tikilən bu məktəbdə daha böyük fənn kabineti, dərnək otaqları verilir.Qısa zaman ərzində sərgi zalı, yeni ahəngdə bütöv bir mərtəbənin yaradılmasına nail olur. Şəkiyə xarici ölkələrdən gələn bütün qonaqları bu məktəbə gətirmək adət halını alır. Yoldaşı Əliyev Əlimahir də bütün bu işlərdə ona köməklik edər ,çiyin -çiyinə verib tez- tez sərgilər keçirdərdilər. Sərgilərdə təkalduz əl işlərindən başqa bu məktəb daxilində Arifə xanımın rəhbərliyi ilə yaradılmış "Xalq Tətbiqi Sənəti Məktəbi"-nin fəaliyyəti və orada hazırlanan ---müxtəlif növ toxumlardan yığılmış işlər, dülüzçülüq nümunələri, keramikadan fiqurlar, toxumalar, müxtəlif növ boyakarlıq işləri nümayiş olunurdu. "XALQ TƏTBİQİ SƏNƏTİ MƏKTƏBİ" -nın studiyalarında məktəbli uşaqlara müxtəlif texnikalı işlər həm öyrədilir, həm də əl işlərinin nümayışı keçirilirdi. XALQ TƏTBİQİ SƏNƏTİ MƏKTƏBİ o zamankı təhsil naziri Rafiq Babaşovun xüsusi sərəncamı ilə 8№ -li orta məktəbin daxilində fəaliyyət göstərirdi. Bundan başqa bütün səviyyələrdə ŞƏKİDƏ SƏNƏT SƏRGİ-YARMARKASINI keçirmək ideyasını yayır,təbliğ edir.1987-1988-ci ildə bu istəyinə nail olur. Şəkidə ilk sənət sərgi -yarmarkası baş tutur. Yarmarakada təkalduzla yanaşı misgərlər, papaqçılar, duluzcular, sandıqçılar,halvaçılar, toxucular, dəmirçilər,şəbəkəçilər və s. sənət sahələri də iştirak edir. Bu sənətkarlığa olan marağın artmasına böyük təkan verir. işləri daha da böyük kütlə içərisində təbliğ etmək məqsədi ilə ətrafına qız, gəlinləri, nənələri yığır.Onlarla marifləndirici söhbətlər aparır, sənətin sirrlərini öyrədir, tikmə sənətinə meyl yaradır, həvəsləndirir. Ən ucqar kəndlərə belə gedir, söhbətlər edir, öz pulu ilə material (sap, parça, alətlət) alır paylayır,öyrədir və onlara bu işi balaca qızlarına da öyrətməyin vacibliyini başa salır. Belə kəndlərdən biri olan Oxudda da ocaq yaradır. Təcrubəsizlikdən tez-tez iynələr və saxnaqlar qırıldığından Arifə xanım alət düzəldən sənətkarlarla məsləhətləşir. Çünki, alətləri sınanlar yenisini artıq Arifə xanımdan istəyirdilər. Ustalara yeni səmərələşdirici təkliflər verir. O zaman bahalı ağacdan hazırlanan saxnaqları o qədər çox düzəltmək mümkün olmadığından saxnaqların əvəzinə ramkalarda işləməyə başlayırlar. Bu daha çox məqsədəuyğun olduğundan qısa zamanda geniş yayılır.
1987-ci ildəBakida Lətif Kərimovun fərdi sərgisi keçirilir. Uzaq Şəkidən Bakiya sərgiyə baxmağa gələn Arifə xanım şəxsən Lətif müəllimlə görüşürvə söhbət edir. Gördüyü işlərdən məqsəd və planlarından danışır. Onu diqqətlə dinləyən Lətif müəllim Məsləhətlərini və bir neçə kitabını hədiyyə verir. Arifə xanım o görüşü hələ uzun müddət unutmayacaqdı. Geri qayıdandan sonra yeni bir həvəslə işə başlayır.Məktəbdə işlər daha da sürətli davam etdirilir. Məktəbə gələn qonaqların bir dəstəsi də finlandiyalı və norvecli qonaqlar idi. Onlarla daha sonralar sıx dostluq əlaqəqləri yaranır. 1988-ci ildə Şəkiyə qonaq gələn Almaniya Sənət Akademiyasının nümayəndələrini şəhər rəhbərliyi 8№-li məktəbdə fəaliyyət göstərən Xalq tətbiqi səsnəti məktəbi ilə tanış edirlər. Arifə xanım öz əlləri ilə işlədiyi pul qabını onlara hədiyyə edir. Beləliklə XX əsr təkalduzunun səyahəti başlayır. Bakida o zamankı xalça müzeyində ilk fərdi sərgisi 1993-cü il martın 18 -ində təşkil olunur. Bu sərgi bütün sənətlə maraqlanan ustad sənətkarlar tərəfindən çox böyük ehtiramla, maraqla qarşılanır. Sərgi davam edən bir həftə tamamən anşlaqla keçir. O zamnakı müzeyin zalları hər gün qonaqlarla dolu olur. Arifə xanım daima məişət əşyalarını bəzəməkçün istifadə edilən tikmələrin yeni bir mərhələsini yaratmışdı. İlk dəfə Arifə xanım saxnaqdan ramkalara keçərək, böyük həcmli əsl sənət əsərləri yaradır. Bu əsərlər rəsm əsərləri nəinki rəqabətə girir, hətta milliliyi ilə oları üstələyir də. Daha sonrakı dövrdə ilk dəfə olaraq tikmədə portret janrında tikmələr yaradn Arifə xanımın işləri heyranlıqla qarşılanır. Böyük şairlərimizin silsilə portretlərini yaradır. Miniatür janrına da müraciət edir. Çox mürəkkəb miniatür incəliklərlə görənləri valeh edir. Yeniliklər etməyi sevən Arifə xanım tikmədəki bu cəsarətli addımları həyat yoldaşı Əlimahirlə birlikdə atır, dəfələrlə çətinliklərə baxmayaraq işləri Şəkidən Bakiya sərgilərə daşıyırlar. Bakida olarkən Kamil Əliyev onları öz iş yerinə dəvət edir. Gələcək planları ilə yaxından tanış olub, məsləhətlət verir. Arifə xanımın və həyat yoldaşı Əlimahirin yaradıcılığı Azərbaycan Rəssamlar ittifaqında da nümayiş olunur,müzakirə olunur və rəğbət qazanır. Hər ikisi Rəssamlar İttifaqına üzv seçilir. Bakidan sonra müxtəlif ölkələrdə sərgilər , yarışlar, tədbirlər onu gözləyirdi.
1989-cu ildə yoldaşı Əlimahirlə bir yerdə Ə. Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olurlar. Buradakı təhsil illərində mədəni maarifləndirmə işini yeni istiqamətlətlərində tədqiqtlar aparırlar. Təhsil illərində Əliyev Əlimahir norveçli səyyah Tur Heyerdal və onun araşdırmaçı dəstəsi ilə tanış olur. Onları qədim Şəkini görməyə dəvət edir. Qonaqpərvər Şəkili olaraq onlara öz evində qalmağı təklif edir. Şəkinin gözəlliyi və qədimliyi ilə tanış edəcəyini deyir. Bu təklifi qəbul edən bütün qrupu Şəkiyə gətirirlər və buranın bütün gözəlliklərini , mədəniyyətini yeməklərini və tarixi yerlərini göstərirlər.eşidib bildikləri maraqlı hadisələri danışırlar. Kişdəki biq qədim kilsə haqqında söhbət düşür.Oranı mütləq görmək istədiklərini deyən Heyerdal və onun komandasını atam Kişə abidənin o zamankı ərazisinə aparır. Uçulub sökülməkdə olan abidə Heyerdalın diqqətini çox çəkir.O buranı bərpası üçün çalışacağına söz verir. Bu maraqlı səyahət hamının xatirindədərin izlər qoyur.Azərbaycan və Norveç tədqiqatçı-arxeoloqları tərəfindən həyata keçirilmiş "Kiş" layihəsi əsasında kilsə memarlıq, arxeologiya və tarixi baxımdan tədqiq edilmiş, restavrasiya və muzeyifikasiya işləri həyata keçirilmişdir. 2005 -ci ildə Kiş -Alban məbədinin açılışı olmuşdu. Təssüf ki, Tur Heyerdal o zaman artıq dünyasını dəyişmişdi. Əliyev Əlimahir də həmçinin. Tur Heyerdalın büstü hal-hazırda abidənin qarşısında qoyulub və onun üzərində " Norveç mifologiyasında Skandinav Allahı Odin haqqında yazılır ki, o şimali Avropaya Azər adlanan yerdən gəlib. Mən bu yazıları dəfələrlə oxudum və belə qənaətə gəldim ki bu heç də mifologiya yox, əsl tarix və coğrafiyadır.Tur Heyerdal " sözləri yazılıb. Təmirdən sonra abidənin açılışında hörmətli Prezidentimiz iştirak edib. Təhsil aldığı dövrdə Arifə xanım Şəkidəki 8№-li məktəbin nəzdindəki dərsləri və sənətkarlıq məktəbindəki işləri keçmiş tələbələrinə və bacısı Səyalıya həvalə edir. 1994-cü ildə Universiteti bitirirlər. Artıq paytaxtda qalıb daha yeni və böyük proyektlər həyata keçirmək haqqında düşünürlər.
Qarabağ döyüşləri gedirdi və hamıyçün çətin illər idi. Əlimahir yeni açılan Əlillərin Bərpa Mərkəzində Art terapiya ilə məşgül olmağa başlayır.döyüşlərdə yaralanaraq müalicə almaqda olan əsgərlərin , qazilərin həyat eşqinin sönməməsi üçün əlindən gələni edir. Orda yaratdığı studiya sayəsində tezliklə əlillik arabasında oturmağa məcbur olan gənclər həyata tutunmağa, rəssamlıq etməyə, xalça toxumağa, tikməyə başlayırlar. Bərpa mərkəzinin həyətində yerləşmiş o zamankı ailələr və müvəqqəti köckün qız gəlinlər isə Arifə xannımın ətrafına toplaşırlar. Xalça toxuyur, müxtəlif əşyalar toxuyur, tikmə tikir, bitməz dərdlərini, problemlərini danışırlar .
Arifə xanım 1996-cı ildə "NƏCİB XANIMLAR İNCƏSƏNƏT BİRLİYİ"-ni yaradır. Sənətin yaşaması, inkişafı, təbliği yollarında inanılmaz çətinliklərə baxmayaraq bu yolda inamla irəliləyirlər. Ətrafına gözəl rəsm çəkməyi,toxumagı, nəsə tikməyi, rəqs etməyi bilən, şer yazan və ümumiyyətlə istedadı olan hər kəsi toplayır.Öz təşəbbüsü ilə bir neçə dəfə uğurlu sərgilər,müxtəlif tədbirlər keçirdir. 14 kv. m .lik emalatxansı hər hansı yaradıcılıqla məşğul olan hər kəsin üzünə açıq idi və hər an insanlarla dolu olurdu. İşığına yığılan hər kəs üçün umid işığına çevrilir. Öz yaradıcılığına daha az vaxt ayıra bilir və bu onu narahat edirdi. Respublikamızda baş verən təlatümlü olaylardan çoxdan təsirlənsə də özünü itirmir. O dövrdə baş verən Qarabağ faciəsi, müharibə şəraiti onu da əzmkar edir. o,çətinlik çəkən insanlardan bacardığı maddi və mənəvi yardımı əsirgəmədi. Öz həyatından da yan ötüşmədi bu narahatçılıqlar. Qarabağ yarasına soyuq yanaşa bilməyən sənətkarın sağlamlığında problemlər yaranır. Ancaq hələ təslim olmaq fikrində deyildi. Ona umid olan qadınlara problemlərinin həllində kömək etməli idi. Buna görə təmamilə Bakiya köçməyə qərar verir. 14 kv.m-lik emalatxanasına axın-axın gələn qaçqın və köçkünlərin hər dərdinə şərik olur. Hamıya kömək etmək istəyi o qədər məşğul edir ki, öz Şəkidəki mənzilinin ondan xəbərsiz satılmasından gec xəbər tutur. Gələndə isə özüylə kitabxanasından başqa heç bir əşyasını ordan gətirməmişdi və artıqbəşyalarla bir yerdə satıldığından gətirmək də mümkün olmur. Ordakı emalatxanasını burda tam yerləşdirməyə məkan olmadığından artıq gətirmək də mümkün olmur. Çox sevdiyi Şəkidən uzaq düşür və əziz tələbələriylə əlaqəsi kəsilir.
Nəhayət ki,Heydər Əliyevin hakimiyyətə gəlməsiylə respublikamızda vəziyyət sabitləşməyə doğru gedir. Ətrafdakı vəziyyətin yavaş-yavaş sabitləşməsi Arifə xanıma da öz sevimli peşəsi ilə məşğul olmağa imkan verir. Cənab Heydər Əliyevin yaratdığı sülh-əminamanlıq şəraiti insanlarda sbah inam yaradır. Arifə xanım da bu yeni şəraitdə yeni həvəslə yaradıcılığına davam edir, yenidən tikmələrlə məşğul olmağa, gəncləri tikmələrin sirrləri ilə tanış etməyə çalışır. Köhnə tələbələrini axtarıb tapır. onların artıq özlərini bir usta kimi hiss etməsinin şahidi olur. işlərin satışı ilə bağlı problemlərinin olduğunu gördükdə isə bu məsləni həll edə biləcək insanlarla görüşür. Onların işləyib fəaliyyət göstərmələri üçün gözəl şərait yaradılırmışdır. Cənab Heydər Əliyevin yaratdığı sabitlik dövründə Şəkidə sənətkarlığa yüksək qiymət verilmiş ,yaxşı iş şəraiti yaradılmışdır. Şəki şəhəri turizm şəhəri elan olunduqdan sonra sənətkarlar üçün turistik zonada xüsusi mağazalar fəaliyyətə başladı. Şəkidə ilk dəfə sənətkarlar məhəlləsi yaradıldı.Qədim karvansarada yerləşən bu mağazalarda Arifə xanımın tələbələri də sənəti nümayiş elətdirir və satişla məşğul olmağa davam edirlər . ARİFƏ XANIM İTİB BATMAQDA OLAN TƏKALDUZ SƏNƏTİNƏ RENESANS DÖVRÜ YAŞATDIRAN SƏNƏTKARDIR.
Arifə xanım bir çox xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil etmişdir.Azərbaycanın yenidən müstəqillik əldə etdiyi çətin dövrdə respublikamızın mədəniyyətini dünyaya tanıtdırmaq ,başımıza gələn hadisələrin əsl həqiqətini danışmaq , haqq səsimizi duyurmaq üçün əlindən gələni etmişdir. O, müxtəlif ölkələrin dövlət xadimlərinin portretlərini işləyərək onlara təmənnasız hədiyyə etmiş, müxtəlif xarici tədbirlərdə, sərgilərdə mədəniyyətimizi nümayiş etdirmişdir. Təssüf ki indiki qədər internet şəbəkələşməsi olmadığından görülən işlərə nəzərən istinadlar çox azdır. Ataturk (1991), Bİnəzir Bhutto(1989), Səddam Hüseyn (1996), İran rəhbərləri(1991-1994), Tansu Çillər(1993) şairimiz Şəhriyarın ev muzeyinə hədiyyə edilən portreti və digərləri hədiyyə olunan portretlərdəndir. 1991-ci ildə Atatürkün ipək saplarla tikilmiş portreti Turkiyənin o zamankı prezidenti Turqut Ozala bağışlanmışdı.1994-cü ildə Yuneskonun Fransanın xətti ilə Pakistanda keçirdiyi İslam ölkələrinin incəsənət festivalında iştirak edir və YUNESKO-nun laureatı diplomu ilə təltif edilir. 1993-cü ildə iranda əl işlərindən ibarət kataloqu çap olunur. 1996-cı ildə ABŞ -in o dövrdəki səfiriin həyat yoldaşı xanım Kozlariçin dəvəti ilə AMOKO neft şirkətində sərgi təşkil etmiş və sərgidən gələn gəliri uşaq evlərinin hesabına köçürmüşdür. 18 mart 1997-ci ildə Xarici İşlər nazirliyində "Novruz -97 " sərgisi keçirmişdir. Şirniyyat stolu və özfəaliyyət dərnəyi üzvlərinin çıxışı ilə müşayət olunan sərgi 20 gün davam etmişdir. Bütün bunları heç bir qrant almadan həyata keçirdib. 250 nəfərdən çox əsasən xarici vətəndaşlardan ibarət qonaqlar təkcə açılış günü sərgidə iştirak etmişdir. Elə həmin il Qurban bayramı münasibəyi ilə Binəqədi İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə Binəqədi Mədəniyyət sarayında sərgi və bədii yaradıcılıqla məşğul olan xanımların fəaliyyətlərinin nümayişi ilə tədbir təşkil etmiş və 75 ailəyə (əlil və Şəhid ailələləri çoxluq təşkil etməklə ) Qurban payı paylamışdır. 9 may 1997-ci ildə 18 gün davam edən və qarşıdan gələn İstiqlaliyyət günü münasibəti ilə bir neçə mərhələdən ibarət olan kompleks tədbirlər həyata keçirmişdir. Sərgi-baxış Məmməd Araza həsr olunmuş gecədən sonra bağlanmışdır. Daha sonra "Qızıl Aypara " cəmiyyətinnin köməyi ilə ehtiyacı olan I qrup əlillərə dərman preparatları paylanmışdır. Volontyor kimi bu missiyanın həyata keçirilməsində yardım etmişdir. 1997-ci ildə Əhalinin Sosial Müdafiəsi və Əmək Nazirliyinin ilk dəfə keçirdiyi Ümumrespublika Sərgi-Müsabiqəsində "Nəcib Xanımlar İncəsənət Birliyi"-nin əlil üzvləri I mükafata layiq görülürlər.Arifə xanım və yoldaşı Əlimahir də Ramanıdakı Əlillərin Reabilitasiya Mərkəzində bir neçə il müxtəlif dərnəklərdə çalışmış, əlillərdə yenidən həyata maraq və incəsənətə meyl yaratmışlar. Orada tikmə,toxuma ,keramika, xalçaçılıq dərnəklərinin işinin qurulmasında yaxından fəaliyyət göstərmişdilər. 1997-ci ilin ən mühüm tədbirlərindən biri də Birliyin Türkiyədəki böyük sərgisi oldu. Dış İŞləri Bakanlığının yardımı ilə Ankaradakı Şərifə Uludağlı Qız Universitetinin sərgi salonunda 120 əsərdən ibarət sərgi 10 gün davam etdi. Sərgidə bütün Türkiyədəki qadın təşkilatlarının nümayəndələri qonaq oldular. Turkiyə qadın vakfının sədri Səbinə Quşçu və Ankara Rəssam qadınlar təşkilatının rəhbəri Ayşə Arqun ilə dostluq əlaqələri yaradılmışdı. 1997-ci il 19 aprelində Pakistanın İslamabad şəhərində Pakistanın yaranmasının qızıl yubileyinə həsr olunan Festivala öz əl işlərindən ibarət möhtəşəm sərgiylə qatılan Arifə xanıma Ehmaləddin İhsanoğlu özü şəxsən təşəkkürnamə təltif edir. 1 yanvar 1998-ci ildə yeni təqvim ili və dünya azərbaycanlılarının həmrəylik günü münasibəti ilə Binəqədi Rayon Mədəniyyət sarayında açılmış sərgi 10 gün davam edir. İctimai birlik burada demək olar ki bütün bayramlarda müxtəlif səviyyəli tədbirlər təşkil edirdilər. Həmin il 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə Rəşid Behbudov adına Mahnı tetarında sərgi təşkil edilmiş, dərnəklərdə məşgul olan balaca istetadlar isə maraqlı konsert proqramı ilə iştirak etmişdilər. Zuğulbada Qadın problemlərinə həsr olunan həsr olunmuş konfrans zamanı foyedə nümayiş olunan sərgi"Nəcib Xanımlar İncəsənət Birliyi" tərəfindən təşkil olunmuşdu."Novruz-98 "sərgi və konsert tədbiri Hökümət evinin birinci mərtəbəsindəki İclas zalında "Teksun" firmasının sponsorluğu ilə keçirilirdi və ötən ildəkindən də möhtəşəm keçdi.İstiqlaliyyət günü münasibəti ilə sponsorların köməyi ilə əlillərə və Şəhid ailələrinə yardım göstərildi.1999-cu il may ayının 4- dən 17-dək Haaqa şəhərində keçirilən Beynəlxalq forumda Azərbaycan həqiqətlərini yaymaqçün plakat, şəkil və sənət əsərlərindən ibarət sərgi təşkil olundu.Amsterdam Dövlət müzeyinin foyesində Azərbaycan sənətinin nümayişi və yerli Kültür Cəmiyyətlərinin köməyi ilə konsert təşkil edildi. 1998-ci ilin dekabrında ABŞ-ın Marilend Universitetindən dəvət alır 1999-cu ildə ABŞ-ın marilend Universiteti ilə birgə keçirdiyi "Qadınlar Sülh Uğrunda" layihəsində iştirak edir. Bu layihəyə göndərilən əl işləri 175 ölkə əl işləri arasından seçilərək kataloqda çap edilir. 2000-ci ilin iyununda Monhettendəki sərgi salonunda möhtəşəm sərgi nümayiş etdirir. Azərbaycan sənətinin və tarixinin qədim ,zəngin ,tükənməz olmasına diqqət çəkmişdir. Problemləmizin, Qarabağ dərdinin duyurulmasına çalışmışdır. Sərgi haqqında "NYU-YORK TİMES" qəzetində məqalə çap olunub. 2001 -ci ildə Qaradağ rayonunda yaşayan əlil uşaqlarla müxtəlif tədbirlər təşkil olunmuşdur. Onlara ayaqqabı,paltar,boyalar,saplar,müncüqlar və başqa hədiyyələr paylanmışdı. Qabiliyyətli əlil uşaqların çoxluğunu görən və onların problemlərindən narahat olan Arifə xanım onların problemləri ilə yaxından maraqlanıb, iş görə biləcək daha bir ictimai qurumun yaranmasını təşviq etmişdir. "Nəcib Xanımlar"ictimai birliyinin iki müxtəlif üzvü tərəfindən iki müstəqil cəmiyyət qaynaqlanmışdır. Bu cəmiyyətlərin yaradılmasının təşəbbüskarı olmaqla yanaşı Arifə xanım həm də onların qurulmasına və fəaliyyətə başlamasına da güclü təkan vermişdir. "Şəki Əlillərin Yradıcılıq birliyi" və "Qaradağ rayon əlil uşaqlara yardım və onların reabilitasiya mərkəzi" birlikləri fəaliyyət göstərirdi.Daha sonrakı illərdə "Nəcib Xanımlar İncəsənət Birliyinin " fəaliyyətini nümunə götürərək fəaliyyət göstərən cəmiyyətlərin sayı daha da çoxalmışdır.
2010-cu ildə Arifə xanım səhhətinin pis olmasına baxmayaraq Türk Ölkələri Birliyi TÜRKSOY-un Ankarada keçirilən birinci Qurultayına Azərbaycan tikmələrinin möhtəşəmliyini bir daha nümayiş etdirən böyük sərgi ilə qatılır. Ankaradan İstambula uçan böyük sənətkarın böyük ürəyi səfərdən qayıdarkən təyyarədə dayanmışdır.
Arifə xanımın əsərlərində, onun əl izlərində 55 illik qısa, ancaq çox zəhmətkeş həyatında yaşadıqlarını, hiss etdiklərini, bəzən təvəzökarlıq edib söyləmək istəmədiklərini görmək olar. Onun gördüyü çox spektrli işlərin izləri hələ çox illər Azərbaycanı hər yerdə tanıtdırmağa davam edəcək. Tələbələri və istiqamətin davamçıları onun açdığı izlərdə irəlilədikcə Azərbaycan tikmələri yaşayacaqlar. Arifə xanımın işləri gələcək üçün qorunmalı və bu izlər itməməlidir. Özünün də tez -tez söylədiyi bayatıdakı kimi:
Bu qala bizim qala
Tikdim ki,izim qala
Tikmədim özüm qalam
Tikdim ki izim qala.. e






ONLAYN MAĞAZA

Saytımızda axtardığınız sualın cavabını tapa bilmirsinizsə


və yaxud daha geniş ətraflı məlumat almaq istəyirsinizsə, xahiş edirik bizimlə əlaqə saxlayın.

Müxtəlif telekanallar, jurnalistlər və mətbuat nümayəndələrinə həmişə xüsusi vaxt ayırırıq. Müvafiq ixtisas sahələrinin mütəxəsisləri, mədəniyyətşünaslar, rəssamlar, sənətkarlarla çox geniş spekterli əməkdaşlığa hazırıq. Tələbələr və sənət öyrənmək istəyənlərə interaktiv dərslərdən yararlanmağı məsləhət görürük.
  • Telefon
    (+994) 50 312 73 16
    (+994) 51 678 04 10
  • Email
    info@tekalduz.com
  • Ünvan
    Bakı şəhəri Nizami rayonu
  • Poçt indeksi
    1142