HƏR HANSI BİR MATERİALDAN İSTİFADƏ ETMƏZDƏN ÖNCƏ ƏLAQƏ SAXLAYIN.
Yaranması, məhşur nümunələr, dünya mədəniyyətindəki yeri.
Azərbaycan ərazisində qədim zamanlardan günümüzə qədər yol gələn tikmələrimiz mədəniyyətimizin ardıcıl keçiciliyinin şahididir. Dekorativ tətbiqi incəsənətin müxtəlif növlərinin, habelə bədii tikmələrin yayılmasının başlanğıcını arxeoloji materiallarla müəyyənləşdirmək olar.
Bəzi tədqiqatçılar tikmə sənətini toxuma sənətindən daha qədim hesab edirlər. Yer üzünün qədim sakinləri dəri parçalarını, yarpaqları və s. bir-birinə tikirdilər və bundan geyim kimi istifadə edirdilər. Tikmək üçün isə balıq və ya heyvan sümüklərindən, at tükündən, balıq qulaqlarından və s. istifadə edirdilər. İşlətdikləri dəri parçalarını tikmə naxışla bəzəyirdilər və bunun üçün istifadə etdikləri bitki liflərini daha sonrakı dövrlərdə bir yerdə birləşdirərək, bərkidərək toxuma üsulunu yaradıblar. Bu məntiqi ardıcıllıqdır.
Ən qədim tikilmiş nümunələr liflərin zərifliyi səbəbiylə günümüzə qədər gəlib çatmasa da daş üzəri təsvirlərdə insanların dəriləri tikərək geyindiklərini və qədim yaşayış yerlərindəki qalıqlarda, kurqanlarda tapılmış kiçik də olsa nümunələrdə görmək olar.
Azərbaycanda tapılmış ən qədim tikmə nümunəsi isə Mingəçevir katakombalarında V-VI əsrlərə aid qəbrlərdə ipək parça üzərində güləbətin tikmənin izləri olan fraqmentlərdir. Azərbaycan Xalça Muzeyi kolleksiyasında saxlanılan XII-XIII əsrlərə aid olan Naxçıvan Xaraba Gilan dağıntılarında tapılmış ipək və pambıq saplarla bəzədilmiş qadın və uşaq şalvarları da günümüzə gəlib çatmışdır.
Parça fakturasının zamanın təsirinə çox davamsız olduğunu nəzərə alsaq, daha davamlı olan metal və keramik nümunələrin üzərindəki insanların geyimlərinin zəngin naxışlarla bəzədildiyinə diqqət edərək Azərbaycan tikmələrinin çox qədim olduğunu əminliklə söyləmək olar. Dünyanın bir çox məşhur muzeylərində saxlanılan qədim parça və tikmə nümunələrində Azərbaycan sənətkarlarının izlərini görmək olar. Çox təəssüf ki, bir çox hallarda bu nümunələrin öz həqiqi ünvanları göstərilmir. Azərbaycana aid olan sənət əsərlərinin mənbəyinin təyin olunması üçün Avropa alimləri ilə birlikdə Azərbaycan sənətşünasları da böyük işlər görməlidirlər.
Azərbaycan xalq sənətkarlığının səviyyəsi tarix boyu siyasi, iqtisadi və hərbi vəziyyətdən, mədəniyyət və texnikanın inkişafından asılı olmuşdur. Azərbaycan mədəniyyətinin əsas daşıyıcı hissəsi olan tikmələrimiz ümumilikdə mədəniyyətimiz kimi bura gələn tacirlərin, səyyahların və diplomatların diqqətini cəlb etməyi hər zaman bacarmışdır.
Orta əsrlərdə vergilər sənət nümunələri ilə alınırdı. Məsələn, monqol hücumundan Gəncə camaatı ipək əsasda, ipək naxışlarla bəzədilmiş parçalar verərək qurtarmışlar. O dövrdə Gəncədə zərlə(qızılla) bəzədilmiş atlas və əbalar, Beyləqanda ipək parça(kəzzkaşidə), Ərdəbildə qara rəngli zərif parça(came), Səlmaz və Xoyda diba, nazik kətandan naxışlı paltarlar, Bərdə və Şəkidə ipək istehsal olunurdu. Bu barədə XIII yüzilliyin əvvəlində yazılmış "Əcaib-üd dünya" coğrafi əsərində qeyd olunub. Qıpçaqların hücumündan da o dövrdə şəhər əhalisi qiymətli parçalar müqabilində xilas ola bilmişdi.
Venesiya diplomatları İosif Barbara və Katerina Zeno yazırdı ki, "Bu ölkədə hətta atların çulları da ipəkdəndir". Yazılı mənbələrdən məlum olduğu kimi 1514 -cü ildə I Sultan Səlim Təbrizi tutduğu zaman sənətkarların böyük bir dəstəsini həmişəlik İstanbula köçürdür və tikmə-toxuma sənətini öyrətmələrini əmr edir. Tikmə və toxuma texnikaları o vaxta qədər sirr kimi saxlanılırdı. XVI əsrdə Təbriz, Şəki, Şamaxı, Gəncə şəhərləri tikmə və parça sənətkarlığında mərkəzləşmişdi. Məşhur fransız sənətşünası Q.Mijon "Müsəlman İncəsənəti" kitabında bu parçaların gözəlliyinə məftun olaraq yazır: "Onlar elə bil Min bir gecə nağıllarına çəkilmiş illüstrasiyadır".
1936 - cı ildə Bakıda Şirvanşahlar sarayında aparılan qazıntılarda köhnə qəbirlərin birində kəfən yerinə istifadə olunmuş yazılı ipək parşa tapılmışdır. Həm dini, həm də rubailərlə bəzədilən parça və tikmələrə yerli və xarici ölkələrin muzeylərində çox rast gəlmək olar. Çox vaxt qənimət kimi aparılan bu parçalar bəzən maraqlı hadisələrə də səbəb olub. Məsələn, xanlıqlardan gedən səfiri RUS çarı sarayın bayram ibadətinə qatılmasını istəyir. Keşişin əynindəki ibadət geyiminin üzərində zərli (qızılı) güləbətin saplarla "Allah böyükdür." və dua parçaları, başqa bir hissəsində isə rübai sətirləri görən səfiri gülmək tutur. Çar qəzəblənsə də qənimət kimi gətirilən böyük palantinin hissələrindən tikildiyini deyir. Sənətşünas və etnokulturoloq Andrey Borovskiy baş keşişlər üçün bayram mərasimlərinə geyimlərin şərqdən gətirilən, qənimət kimi əldə edilən və saray geyimlərinin qiymətli paltarların parçalarından tikildiyini dəfələrlə söyləyir. Parça texnikası gizli saxlanılan bir sənət olduğuna görə uzun illər Rus mədəniyyəti üçün Qafqazdan, Vizantiyadan (indiki Türkiyə ərazisindən), Şərqdən gətirildiyini etiraf edir.
1583-cü ildə I Şah Təhmasibin oğlu Məhəmməd Xudabəndə tərəfindən III Murada ipək məxmər üzərində qol, boyun, çiyin və arxa hissəsi güləbətinlə işlənmiş kaftan hədiyyə göndərir. O qədər zəngin qızıl saplarla işlənmişdi ki, çox ağır idi və onu zərgərlik nümunəsi olaraq qeydə almışdılar.
1858-ci ildə Azərbaycanda səfərdə olan fransız yazıçısı Aleksandr Dümanın "Qafqaz" kitabında Şəkidən aldığı bədii tikməli yəhərüstü və xəncər haqqında məlumat verir.
Macarıstanın Budapeşt şəhərinin "Şərq incəsənəti" muzeyinin direktoru Korol Qomboş 1969-cu ildə Azərbaycana gələrkən müxtəlif sənətkarlıq ocaqlarını - Şəki, Şamaxı, Lahıc, Göyçay, Zaqatalanı gəzir. Qocaman ustalardan onların düzəltdikləri sənət nümunələrinin adını, bədii, texnoloji xüsusiyyətlərini öyrənir. Qayıtdıqdan sonra Almaniyanın Xerford şəhərində çıxan "Xemtex" ( 1978, №3; 1979, №2 )və Budapeştdə nə.r olunan Muveszet (1978, №1) jurnalında tikmə və xalçalara həsr olunan yazılarla çıxış edir. 1977 -ci il oktyabrın 9 - da Budapeştin "Dekorativ sənətlər" muzeyində öz şəxsi təşəbbüsü ilə sərgilər təşkil edir. Budapeşt muzeylərində çox sayda tikmə, xalça, parça, metal, taxtadan düzəldilmiş sənət nümunələri saxlanılır. Bu tikmələrə örtük, balışüzü, süfrə, yəhərüstü və bədii pərdələr aiddir. XVI əsrə aid olan Təbriz ustaları tərəfindən təkalduzla bəzədilmiş pərdə Avropa və Amerika alimlərinin diqqətini çəkir. Tikmə üzərində tədqiqat işi aparmış amerikan alimi Fillis Akerman onu ən gözəl nümunə sayır eskizin Soltan Məhəmməd tərəfindən verildiyi güman edilir. Tikməli pərdədə 180 insan, heyvan və quş rəsmi vardır ki, bu da nəinki tikmə, hətta miniatür sənətində yeganə bu qədər mürəkkəb nümunədir.
Beləliklə, Azərbaycan tikmələri dünya mədəniyyətinə töhfələr verməkdə davam edir. 1997-ci il 19 aprelində Pakistanın İslamabad şəhərində yaranmasının qızıl yubileyinə həsr olunmuş keçirilən Şərqi Asiya ölkələrinin Grand Festivalında Azərbaycanımızı Arifə xanım Məmmədova layiqincə təmsil edir. Çin, İran, Turkiyə kimi dövlətlərin sənətkarlarının arasından fərqlənən, öz zərifliyi və innovatorluğu ilə seçilən tikmələrimizə təşəkkürnaməni şəxsən Ehmaləddin İhsanoğlu özü təltif edir. Müasir interyerə uyğunlaşdırılmış və müxtəlif janrlarda işlənmiş tikmələrimiz mahir sənətkarımız sayəsində qoca Şərqi heyrətləndirməyi yenə bacarmışdı .
1998-ci ilin 14 dekabrında Amerikanın Maryland Universitetindən dəvət alan Arifə xanım Məmmədova Azərbaycan Tikmə sənəti haqda məruzə etməyə yola düşür. Öz əl işi olan tikmə sənətinin incilərindən ibarət sərgi də aparır. Çox böyük qayğıyla qarşılanır, sənət əsərləri heyranlıqla izlənilir, tərcüməçi vasitəsilə maraqla dinlənilir. Nyu-York Times da bu haqda məqalə çap olunur. Təssüf ki, sərgini geri gətirməkdə problemlər çıxır və işlər məcburən orda qalmalı olur. 2000-ci ilin 9 iyundan 15 iyula qədər keçirilən "Women of the world" a qlobal collection of art, curated by Claudia De Monte, White Rooms (solo exhibitions for artists unaffiliated with a New York gallery Liz Marcus, Elizabet Campbell tərəfindən dəvət alır. Sərgiyə qatılır və həmin il Kaliforniyada dərc olunan "Women of the World" kitabında Azərbaycan tikməsi də nəşr olunur. Bundan başqa ölkə daxilində də "Nəcib xanımlar incəsənət birliyi" ni yaradaraq tikmələrin təbliği və inkişafı ilə bağlı çox böyük işlər görmüşdür. Çox sayda sərgilər keçirmiş və digər sərgilərə də qatılmışdır. 2010-cu ildə Arifə xanım səhhətinin pis olmasına baxmayaraq Türk ölkələri birliyi Türksoyun Ankarada keçirilən Birinci qurultayına böyük sərgi ilə qatılmışdı. Qayıdarkən təyyarədə sənətlə döyünən ürəyi dayanmışdı.
Arifə xanım Məmmədovanın qızı olaraq Mehriban Əliyeva-Xəlilzadə Azərbaycan tikmələrini dünyada tanıtdırmağa davam edirəm. 2011-ci ildə Şərq tərəfdaşlığı ölkələrinin festivalına qatılaraq ölkəmizi layiqincə təmsil etmişəm. Şərq ölkələri içərisində fərqlənmə sertifikatı almışam. Fəaliyyətimizi müasir qloballaşan dünyada saytımızla davam etdirəcəyik.
"Azərbaycan tikmələri" - Azərbaycan SSR Elmlər Akademiyası M.İ.Atakişiyeva, M.Ə.Cəbrayılova, V.M.İslamova "Искусство" nəşriyyatı Moskva 1971 ci il. Prof. P.Ə.Əzizbəyovanın
redaksiyası altında.
"Azərbaycan xalq yaradıcılığı nümunələri" - Bakı 1959 Azərbaycan SSR siyasi və elmi biliklər yayan cəmiyyət R.Əfəndiyev, M.Tərlanov.
"Azərbaycanın bədii parça və tikmələri" - XIX və XX ci əsrlər. Elm nəşriyyatı 1990 cı il Gülsüm Əliyeva.
"Xaraba-Gilan tikmələri" - Milli Elmlər akademiyasının məqalələr toplusu 1981 ci il №7 səh. 86-89. Q.Əliyev.
"Azərbaycan bədii sənətkarlığı dünya muzeylərində" - Rasim Əfəndiyev 1980 ci il "İŞIQ" nəşriyyatı Bakı.
"İskusstvo Azərbaycana" - Леонид Семёнович Бретаницкий, B.V.Weymarn IV - XVIII ci əsrlər 1976 cı il "İskusstvo" nəşriyyatı Moskva.
"Azərbaycan Xalçaları" - Lətif Kərimov 1984 Bakı.
"Azərbaycan Xalça Muzeyi kolleksiyasından bədii tikmələr" - Şirin Məlikova 2017 Bakı.