HƏR HANSI BİR MATERİALDAN İSTİFADƏ ETMƏZDƏN ÖNCƏ ƏLAQƏ SAXLAYIN.

TİKMƏLƏRİN TARİXİ.


Siz burada nadir, eksklyuziv sənət nümunələrinin konsepsiayası və eksplikasiyası ilə tanış ola bilərsiniz. Anatasiya və açıqlamalarda maraqlı izahlar var.


Hər bir sənət əsərinin konsepsiyasını başa düşmək və eksplikasiyası ilə yaxından tanış olmaq olduqca maraqlıdır. Çünki, tikmələrin təkcə texnikasında deyil, həm də mövzularında sirli bir aləm gizlənir. Bu sirrləri başa düşmək yanaşı, oxuya bilmək üçün işıq ola biləcək informasiya lazımdır. Şərq mədəniyyətinin bir parçası kimi tikmələr də sirli simvollarla çox zəngindir. Anatasiyalarda bu sehirli aləmə müəllifin öz qələmindən çıxmış izahla daxil olduqda isə daha da maraqlı olur. Muzeydə olan hər bir işin konsepsiyasının geniş izahatı var. Burada onlardan bəzilərini yerləşdirmişik.



TANRI GÖZƏLDİR VƏ GÖZƏLLİYİ SEVƏR.

Həzrəti Məhəmməd (S.Ə.S.)peyğəmbərə aid edilən bir hədisdə belə bir kəlam vardı. Bu kəlam Arifə xanımın dünyagörüşü ilə çox səsləşdiyindən onu 1988-ci ildə hüsnxəttlə yazıb, qızılı və ipək saplarla tikmək qərarına gəlir. Bu onun dini mövzuda yaratdığı ilk tikmə nümunəsidir. Yazı Tuğra xətti ilə yazılmışdır. Tuğra monqol-türk mənşəli söz olub simurq quşuna olan inamın yadigarı hesab olunurdu. Osmanlı sultanlarının şəxsi imzası və ya möhürü, dövlətin gerbi, yaxud nişanı kimi şanlı yazılarda istifadə olunan bu xəttlə o böyük kəlamın yazılması əbəs deyildi. Arifə xanımın əllərində tikmələr də simurq quşu kimi yenidən canlanırdı. Ətrafındakı salxım söyüd budaqları "ağac bar verdikcə başını aşağı əyər" atalar sözünə işarə olaraq - yəni insan nə qədər çox uğurlu olarsa bir o qədər alicənab və təvazökar olmalıdır fikrinə işarə kimi təsvir edilib. Arifə xanım özü də bu prinsiplərlə yaşayan insan idi. Sağ aşağı küncündə beş açılmış qızılgül və iki qönçə isə simvolik olaraq bir həftəyə - yeddi günə işarə kimi göstərilmişdir. Ümumiyyətlə Arifə xanım dini mövzuda daha sonralar bir çox əsərlər yaratmışdır. Bu əsərlərin əksəriyyəti müxtəlif ölkələrin şəxsi kolleksiyalarında və muzeylərində saxlanılır. Bu əsərin yaradılmasının əsasında Arifə xanımın dinini sevməsi ilə yanaşı, ALLAhın yaratdığı gözəllikləri duyması və heyranlıqla izləməsi hissləri dururdu. Bu onu daha da gözəl yeni əsərlər yaratmağa ruhlandırırdı.


NİZAMİ GƏNCƏVİ - 850

Nizami Gəncəvinin 850 illik yubileyi münasibəti ilə tikilmişdir. Şərqin ən böyük dahilərindən biri olan Nizaminin əsərlərini Arifə xanım oxumağı çox sevərdi və bir çox parçaları əzbər bilirdi. XII əsrdə Gəncədə yaşamış bu dahi Azərbaycan şairinin əsərlərinin qədim əlyazmaları və əsərlərinə çəkilmiş miniatürlər bütün dünya muzeylərinin ən qiymətli nümunələridir. Nizaminin "Xəmsə" (beşlik) -si bütün dövrlərin sənətkarlarının qəlbini riqqətə gətirib ki, bu da çoxsaylı əsərlərin hər dövrdə yaranmasına səbəb olub. Hətta sənətsevərlərin də diqqətindən yayınmayan bu incilər öz dövrünü çox gözəl şəkildə təsvir edib. Britaniya muzeyi(London), Dekorativ sənət müzeyi(Paris), Saltıkov - Şedrin adına kitabxana (Sankt - Peterburq), Tətbiqi sənət muzeyi(Budapeşt) və s. digər muzeylərdə nadir nümunələr qorunur. Xalçalarımızda da bu mövzuya XVI əsrdən başlayaraq toxunulmuşdur. Tikmələrimizdə Nizami əsərlərinə bəzi eyhamlar olsa da Arifə xanıma qədər monumental əsər işlənməmişdir. Arifə xanım Nizami Gəncəvi yaradıcılığını sərbəst şəkildə araşdırmış, bir çox qədim miniatürlərlə yaxından tanış olmuş, Nizami dünyasına olan bütün duyğu və düşüncələrini, heyranlığını öz möhtəşəm əsərində göstərməyə çalışmışdır. Araşdırmalar çox uzun vaxt sərf edən Arifə xanım nəhayət ki, işə başladı. Lakin tikmə elə də asan başa gəlmirdi. Beşliyin bütün qəhrəmanlarını yerləşdirməklə yanaşı lazım olan rəngli sapları tapmaqda çətinlik çəkirdi. Onda qədim boyaqçılıq ənənələrini yadına salaraq sapları özü təbii otlarla boyamaq qərarına gəlir, gərgin iş davam edir.
Tikmə-əsərdə dahi Nizaminin yaradıcılığı qollu budaqlı bir ağaca, personajları isə bu ağacın meyvələrinə bənzədilib. Həyat ağacının qollarında çoxlu hadisələr cərəyan edir. Tikmənin mərkəzində zamanın buludlarında parıldayan günəş kimi Nizaminin portreti canlanır. O daş-qaya kimi əsrlərə sinə gərərək öz nuruyla ətrafı işıqlandırır.
Sağda kərpic kəsən kişinin əhvalatı görünür. "Sirlər Xəzinəsi"-dən olan bu əhvalat çox ibrətamizdir. Sənətin və sənətkarlığın heç vaxt var-dövlət gətirməyəcəyi kimi, həm də zəhmətkeş bir sənətkarın heç vaxt ac qalmayacağına bir işarədir. Nizami də söz sənətkarı idi.
Solda isə "Xosrov və Şirin" dən Şirin və Fərhadın təsviri görünür. Daşların sənətkarı Fərhad qayalarda Şirinin heykəlini yaratsa da, bu ona həyatı bahasına başa gəlir. Ortada "Leyli və Məcnun" dan bir epizod canlanır. Nizaminin yartdığı bu "Leyli və Məcnun" özündən sonrakı bütün dövrlərdə həm Şərqdə, həm də Qərbdə şairlərin və sənətkarların yaradıcılığına çox güclü təsir etmişdir. Xəmsənin incisi ona görə mərkəzdə yerləşdirilib. Leylinin eşqindən və insanların onu anlamamasından çöllərə üz tutan Məcnun səhrada heyvanlarla dostlaşır. Yaralı ceyran da ovçudan qaçıb Məcnuna pənah gətirir. Ceyrana başı qarışan Məcnun çox gec xəbər tutur ki, yaxınlıqdakı karvanda ağ dəvənin üstündəki kəcavədə gedən Leyli imiş. Nakam sevgililər yenə də görüşə bilmir. Bu səhnə çox təsiredicidir.
Aşağıda sağda Bəhram şahın ov səhnəsi canlanır. Sevimli kənizi Fitnəyə məharətini nümayiş etdirərək öyünməyə çalışan Bəhram şah etinasızlıqla qarşılaşır. Fitnənin şahın bir oxla ceyranın qulağını başına tikməsinin bir vərdiş işi olduğunu, "Hər şeyi adətlə etmək olar" istifadə olunacaq deyərək, buna heç də heyrətlənmədiyini göstərməsi məğrur şahın qururna toxunur. Cəsarəti ilə Şahdan qorxmayan Fitnə ağlı və xarakteri ilə onu heyran edə biləcəyinə əmindir.
Aşağıda solda isə "Xəmsə"-nin sonuncu hissəsi "İsgəndərnamə"-dən böyük sərkərdə İskəndərin Bərdə hökmdarı Nüşabə ilə görüşü təsvir olunub. Nizaminin öz əsərində danışdığı bu səhnədə isə çox gözəl əl qabiliyyəti olan şahzadə Nüşabə sərkərdə İskəndərin portretini tikir və qəbul zamanı özünə təqdim edir. Müdrik şahzadə sonra onu ziyafətə dəvət edir. Böyük bir süfrə açılır. Bu ziyafətdə qızıl camlarda (şüşə qablar) ləl-cəvahirat təqdim olunur. Nüşabə təklif edir ki, buyurun nuş edin. İskəndər baxıb görür ki, yeməli bir şey yoxdur. "Arifə bir işarə də bəsdir" düşünərək, Nüşabənin nə demək istədiyini anlayır. İskəndər həm də Şahzadə Nüşabənin həm də döyüşən qadınlardan ibarət bir ordusunun da olduğunu görür. Qadın ağlına yüksək qiymət verən İskəndər Bərdəni işğal etməkdən vaz keçir. Qoşununu geri çəkən İskəndəri Nüşabə daha sonra həqiqi ziyafətə dəvət edir.
Nizaminin böyük dühasının vurğunu olan Arifə xanım bu əsərdə hər bir parçanı xüsusi diqqətlə seçmişdir. Nizaminin bütün "Xəmsə" boyu sənətkarlığa verdiyi dəyəri izləmişdir. Nizaminin 850 illik yubileyinə həsr olunan bu tikməyə ömrünün iki il altı ayını sərf etmişdir. Təkalduz tikmə ilə yun parça üzərində yalnız ipək və güləbətin saplarla tikilmişdir. İş 1984-cü ildə başlanılmış, 1987-ci ildə başa çatdırılmışdır. Yeganə və təkrarolunmazdır.


HÜSEYN CAVİD-100

Azərbaycanın dahi söz sənətkarlarından biridir. Naxçıvan elinin böyük şairi həyatı boyunca çox zülmlərlə üzbəüz qalmış, ancaq əqidəsindən dönməmişdi. 1937-ci il represiyalarının qurbanı olan şair haqsız bəhanələrlə çox sevdiyi vətənində uzağa Sibirə sürgün edilmişdi. Odlar diyarının qaynar təbiətli şairi soyuq Sibir əzablarına tab gətirə bilməmişdi. Ədalətsiz ittihamlar şairin həyat və yaradıcılığına son verib. Yəqin ki, əcdadlarının ömründən də qırmızı xətt kimi keçən bu acıları Arifə xanım daha çox içdən hiss edə bilib. Dahi liderimiz Heydər Əliyevin səyləri nəticəsində 1982-ci il oktyabrın 26-da nəşi Bakıya gətirilir və Naxçıvana aparılaraq orada dəfn olunur. Bakıda heykəli ucaldılır. Bütün bunlar Arifə xanımı çox təsirləndirir. Zamanını çox-çox qabaqlayan şair həyata və hadisələrə filosofcasına yanaşması ilə fərqlənir. Cavidin əsərlərini oxuyaraq ona heyran qalmamaq, onun düşüncə dünyasına qərq olmamaq mümkün deyildir. Hələ gənc yaşlarından Cavid vurğunlarından biri olan Arifə xanım onun qadağan olunan əsərlərini də axtarıb tapır, dəfələrlə oxuyurdu Şairin "iblis", "Səyavuş", "Şeyx Sənan", "Topal Teymur", "Şeyda" və "Xəyyam" əsərlərini kitabxanasında qoruyub saxlayır, onlar arasından "iblis" və "Topal Teymur" əsərlərini demək olar ki, əzbər bilirdi. Arifə xanım şairin yarımçıq qalan ömrünə dərin kədərlə təssüflənirdi...
1882-ci ildə anadan olan şairin 100 illiyinə bir əsər yaratmaq qərarına gəlsə də tikmənin tamamlanması çox uzun zaman alır. Arifə xanımın ilk portret işlərindən biri olan bu tikmə 1985-ci ildə başlanılıb, 1990-ci ildə hazır oldu. Arifə xanım bu tikmədə Cavidin "İblis" əsərindəki personajın onun həyat yolunun üzərində bir qəm dağı kimi dayanıb, onu zülmlərə, əzab və keşməkeşlərə sürükləyirmiş kimi təsvir edib. Həyat yolunu isə dəmir yolu kimi simvolizə olunmasının səbəbi isə onun sürgünə dəmir yolu ilə göndərilməsi olmuşdu. Şairin arxasında dağa bənzər, qəmgin və qorxunc, eyni zamanda bəzi qadınlar kimi məkrli iblis dayanıb. Onu Sibirə gedən dəmir yoluna sürükləyir. Şairin ozünün dediyi kimi:
İblis nədir? - cümlə xəyanətlərə bais,
Bəs hər kəsə xain olan insan nədir? - İblis
Şairin yollarına həsrətlə baxan Müşgünaz xanımın da portreti bu tikmədə canlanır. Beləliklə iblisi saymasaq bu əsərdə iki portret var. Beləliklə, çox insanlı tikmə porteretin ilk və yeganə nümunəsidir. Müşgünaz xanımın kədərli gözləri Cavid həsrəti ilə yollara dikilib, uzaqlara baxır. Bu baxışlarıyla tamaşaçılara sanki nəsə demək istəyir, lakin susur. Yaşasaydı Cavid bəlkə hələ neçə-neçədahi əsərlər yaradacaqdı. Arxa fondakı iki nəfər isə şairin yazılmamış olan əsərlərinin qəhrəmanlarıdır. Onlar da şairin ürəyində soyuq Sibirə məhkum olundular. Əsərin sonunda Arifə xanım şairin öz sözlərini həkk etdi. Bu sözlər onun dilindən elə bil xanımına deyilirmiş:
Gəldin də neçin pəmbə buludlar kimi axdın?
Bilməm niyə gəldin, niyə döndün, niyə baxdın..
Şimşək kimi çaxdın da, niyə könlümü yaxdın,
Bilməm niyə çöndün də nəyə baxdın?..
Çox heyiflər olsun ki, Hüseyn Cavid yardıcılığı ilə dünya tanış deyil. Arifə xanımın bir çox portret və tikmələri kimi bu əsər də dəfələrlə çox müxtəlif sərgi və festivallarda nümayiş olunub.


NARLAR

Nar Azərbaycanın xalqının çox sevdiyi meyvələrdən biri olmaqla yanaşı, həm də çox qədim simvollarımızdan biridir. Rəvayətlərdən birinə görə şahlar başlarına tacı narın gözəlliyinə heyran olduqlarına görə qoyublar. Nar bəzən hakimiyyət simvolu, bəzən sirrli-sehrli, içindən nə çıxacağı bəlli olmayan mövcudat kimi, bəzən də zərifliyi ilə qadın simvolu kimi-Narqız kimi adlarla əbədiləşdirilib. Arifə xanımın da sevimli meyvəsi olan narın sehrini hər əsərində bir tərəfdən müxtəlif yanaşmalarla açmağa çalışmışdır. Narın bütün simvolik mənalarına diqqət çəkməyə çalışmışdır. Burada narlar qadınlıq simvolu kimi göstərilmişdir. Bətnində bəşərə həyat verən qadın elə hakimdir. Dünyanın sirrlərini gözəlliyində gizlədən qadın həm də güclüdür. Bu narların biri o birinə bənzəmir. Birinin rəngi gözəl, birinin içi gözəl, o birinin isə tacı gözəldir. Bütün dahilərin anası olan qadın həyatın özünün qaynağıdır. Bir çox digərlərini daxildə gizlədə bilən biri. Hələ neçə tumurcuqda gizlənmiş açılmamış sehrlərin sahibəsi olan qadın... Sehrinin cazibəsindən qurtula bilməyənlər səni dərk edə bilərmi?.. 1991-ci ildə ipək saplarla işlənmişdir.


Bülbül

Murtuza Məşədi Rza oğlu - Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. 1961-ci ilin iyul ayında Şuşa şəhərində, keçmiş Şuşa real məktəbin zalında konsert verib. Bu konsert Bülbülün Şuşadakı axırıncı konserti idi. 26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı idi. Azərbaycan peşəkar vokal sənətinin banisi idi. Arifə xanım bu portreti Azərbaycanın bu böyük səs ustasına həsr etmişdir. Onun ifasında "Sənsiz" romansına qulaq asmağı və bu musiqinin sədaları altında gözəl ilmələri yan yana düzməyi, naxışları tikməyi çox sevərdi. Bu möhtəşəm romansda üç dahinin ürəyinin ritmləri vardı. Nizami Gəncəvinin sözlərinə Üzeyir Hacıbəyli musiqi bəstələmiş, Bülbül isə onu səsləndirmişdi və onu eşidən hər kəsin qəlbinə hakim etməyi bacarmışdır. Bülbülün ifasında çoxlu opera, romans və mahnılar səslənmişdi. Doğma Qarabağımızın övladı olan Bülbülün səsini bir dəfə eşitmək kifayət idi ki,onun heyranına çevriləsən 1927-ci ildə İtaliyanın "La Skala" opera məktəbinə qəbul olunan Bülbül Qarabağın şaqraq bulaqları kimi güclü və lirik səsə malik idi. Hələ Şuşada yaşayarkən 6 yaşında balaca Murtuzaya verilən Bülbül ləqəbini zamanında yaxın uzaq ellərdə hamıya tanıtdıra bilmişdi. Deyirlər o oxuyanda bülbüllər susarmış. Arifə xanımda Bülbülün səsi yazılmış kolleksiya vallar var idi və onu tez-tez səsləndirməyi xoşlayardı. Bu tikmə portreti də o musiqilərin sədası ilə 1991-ci ildə yaratmışdır. Bülbülün səsinin tembrinə təsvirdə canlandırmaq çox çətin olsa da Arifə xanım bunun öhdəsindən layiqincə gəlmişdir. Tabloda gözəl Qarabağamızın füsünkar təbiəti qarşısında dayanan Bülbülün sanki bu saat səsini eşidəcəyik. Elə bil balaca bülbül də onun oxumasını gözləyir.


HƏYAT

Arifə xanım digər əsərlərində də Qədim Şərq fəlsəfəsinə əsaslandığı kimi, burada da Qoca Şərqin fəlsəfəsi dünyasına baş vurmuşdur. Azərbaycanın qədim tikmə,xalça və miniatürlərində dəfələrlə müraciət olunan həyat ağacı simvoluna Arifə xanım bu əsərində müasir incəsənət baxışı ilə baxmışdır. Yaradıcılığının 1982-83-cu illərində yaranmış olan bu əsərdə gördüyümüz həyatın özünü simvolu olan ağacın təcəllisi uzun bir zamanın zəhmətinin nəticəsidir. Sənətkar məxmərtel tikmə ilə iri monumental əsər yaratmaq ideyasını ilk dəfə bu əsərdə reallaşdırıb. Əvvəllər bu tikmə ilə kiçik həcmli məxmərtel tikmələr işlənsə də belə böyük panno bu tikmə ilə birinci dəfə idi ki, reallaşdırılırdı. Əlbəttə ki, bu heç də asan deyildi. Bir çox texniki məsələlər həll olunmaqla fəqli həcmdə böyük zəhmətlə işlənilib. Əsərdə həyatın güzgüsü rolunu oynayan bir ağac görürük. Torpağın üst hissəsində yaşayan hissəsi bu işıqlı dünyadakı həyata, qara torpağın altındakı hissəsi isə qaranlıq dünyaya işarədir. Torpağın altındakı dərinliyi ilə qaranlıq aləmin də qat-qat dərinliklərindən nişanə verir. Digər tərəfdən kökləri üzərində möhkəm dayanan ağaclar uzunömürlü olurlar. İşıqlı dünyadakı qol-qanadlarının sağlamlığı da qaranlıq dünyadakı köklərinin möhkəmliyindən, sağlamlığından asılıdır. Rəssam Arifə xanım müasir dünyadakı həyatı qurumaq üzrə olan ağaca bənzətmişdir. Ağacın qurumasında və həyatın rənglərinin tündləşməsində də bir ümid yeri yaratmışdır. Bunu isə quruyan ağacın kötüklərində bəzən yaşıl cavan pöhrələrin yetişə bilməsi ilə göstərmişdir. Susuzluqdan quruyan torpaqda ağlayan tək-tənha ağacın yaşamağına hələ ümid var. Su - dünyanın ən qiymətlisi, həyatın gərəyidir. Ağacın susuz qalması müasir dünyamızın həm ekoloji, həm də mənəviyyat cəhətdən çirklənməsinə işarədir. Ağlayan ağacın göz yaşlarının onun dibinə tökülməsi isə bir etirafa, həyatın kötüyünə yeni bir baxışın vacib olduğuna, vəziyyətimizin yaxşılaşması üçün yalnız özümüzün etməli olduğumuz işlərin varlığına işarədir. Ağacın üzərindəki səmada da rənglərin , çalarların tündləşməsi, Allahın insanların etdiklərinə biganə qalmayacağına simvolik bir ehyamdır.


FÜZULİ -500

1983-cü ildə Füzulinin 500 illiyinə həsr olunan əsər təkalduz tikmə ilə ipək saplarla yun parça üzərində tikilmişdir. Ümumiyyətlə Arifə xanım Füzuli yaradıcılığına bir çox əsərlərində müraciət etmişdir. Əcdadları feoadal çəkişmələrindən bezib Bağdat yaxınlığına köçən Füzuli azərbaycanlı ailəsində 1483-cü ildə doğulub. Bütün həyatını indiki İraqda yerləşən Bağdat yaxınlığında yaşayan şair üç imperiyanın - Ağqoyunlu, Səfəvi və Osmanlı hökmdarlarının sevimli şairi olsa da heç vaxt saray şairi olmamışdır. O, ana dili olan azərbaycanca, həmçinin farsca və ərəbcə şeirlər yazmışdır. Füzuli türkdilli ədəbiyyatın ən böyük şairlərindən biri, həm Azərbaycan, həm də Osmanlı ədəbiyyatının görkəmli simalarından biri kimi qəbul edilir. Füzulinin yaradıcılığı XVI–XIX əsrlərdən Mərkəzi Asiyaya və Hindistana qədər uzanan fars-türk mədəniyyət sahəsində geniş şəkildə tanınmış və təqdir edilmişdir. Arifə xanım Füzuli yaradıcılığı ilə də yaxından tanış idi, onu oxuyurdu. Füzulinin "Leyli və Məcnun" əsərinə bəstəkar Üzeyir Hacıbəyli opera bəstələyib. Bu möhtəşəm əsəri xalqımız kimi Arifə xanım da çox sevirdi və hətta bəzi ariyaları zümzümə edərdi. Orijinalından əsərin özünü oxumuşdu və Nizami Gəncəvinin "Leyli və Məcnun"-u ilə də müqayisəli müzakirələr edərdi. Füzuli dühasına olan vurğunluğundan yaranan əsərdə şair göylərdən baxır. Günəş kimi göy üzündən işıq saçan şair bu dünyanın gərdişindən qəmlidir. Sanki keçmişi və gələcəyi görən şair bu dünyanın bütün dərdlərindən halidir. Buludlarsa onun ziyası qarşısında aciz qalaraq çəkilir. Günəş Şərqdən doğduğu kimi Şərqdə doğulan bu düha bütün dünyaya işıq saçır. Sonsuzluğa dikilmiş baxışlarında əbədi nakam sevgiyə məhkum Leyli və Məcnun canlanır. Leylini çay kənarındakı ağacın altında ceyran balası ilə Məcnunu gözləyən, bədbəxt Məcnunu isə səhrada gəlib keçən hər karvanda Leylini axtaran, qəm dəryasına batıb ağlayan görür. Burada çay insan ömrünün su kimi axıb getməsinə işarədir. Şair ümid edir ki, bu sular axıb bir yerə toplaşacaq ,aydınlıq olacaq, sevgililər qovuşacaqlar. Kərbəla ziyarətgahında dəfn olunan şairin qəbrini bütün ziyarətə gedənlər yad edirlər. Tikmənin bir tərəfində isə şairin uzaqlarda qalan qəbri isə onu ziyarətə gələnlərin yolunu gözləyir sanki. Bu əsərin bir il ərzində işlənmişdir.


FƏLƏK-MƏLƏK

Məxmərtel tikmə ilə 1980-ci ildə Arixə Məmmədova tərəfindən tikilmişdir. Təbriz miniatür məktəbinin yeni tendensiyalarını heyranlıqla izləyən Arifə xanım bu tikməni onların təsiri altında yaratmışdır. Kətan parça üzərində saplarla tikilən məxmərtel tikmə əsərində köhnə mövzuya yeni baxış görünməkdədir. İlk baxışda qarışıqlıq görünsə də bir qanunauyğunluq var. Diqqətlə baxsanız bu qanunauyğunluq içərisində bir qoca silueti görərsiniz. Qoca Fələk öz comağına söykənib zəif ayaqlarını ardınca çəkir. Lakin bu vücudunun zəifliyi içərisində bir daxili güc hiss olunmaqdadı. Öz ətrafındakı hər şeyi özü ilə birlikdə fırladır. Çərxini döndürən fələk dünyanı hara aparır?..
Bu tikmənin ümumi koloriti insanda sakitlik hissi yaratsa da mövzu etibarı ilə çox həyəcanlandırıcıdır. Özü öz ətrafında dönən fələk çox maraqlı, düşündürücü və cəlbedicidir. Qarşısında saatlarla dayanıb onun hərəkət trayektoriyası haqqında düşünmək olar. Rənglərin ruhlandırıcı təsirindən kənarda qalmaq mümkün deyil.


GÖZƏL ZƏRİFLİK

Məxmərtel tikmə ilə işlənmiş bu böyük həcmli panno Arifə xanımın İran səyahətindən sonra yaranmışdır. Təbriz miniatür məktəbinin yeni tendensiyalarının təsiri altında yaradılmışdır. Əl ilə tikilməsi Sənətkarın ömründən uzun bir zaman almışdır. 1983-cü il bütünlükdə bu işin hazırlanmasına sərf olunub. Şərq şerlərində gözəl qızları çox vaxt ceyrana bənzədərdilər. Burada üz-üzə dayanmış qız ilə ceyran sanki bir biri ilə bəhsə girib. " Sən gözəlsən, Mən gözəl? " deyir sanki. Bu busatın gözəlliyinin tamaşasına sanki bütün təbiət toplaşıb. Gözəl quşlar onları tərif edir, hansı birisinin daha gözəl olduğuna qərar verə bilmirlər. Təbiətin səxavətindən ətrafındakı hər şey gül-çiçəyə qərq olub. Nə qədər romantik, lirik və xoş bir mənzərə canlanır gözlər qarşısında. Siz qərar verə bilərsizmi hansı daha gözəldir?..


YEDDİ GÖZƏL

50 X 50 ölçüdə ipək saplarla yun parça üzərində 1996-ci ildə işlənmiş tikmədir. Əsərin ideyasının əsasında dünyanın özünün yeddi rəngdən ibarət olması, sevinci, kədəri, və bütün çalarları ilə həyatın gözəlliyinin tərənnüm olunması durur. Şərq fəlsəfəsində ilkin olaraq həyat rəmzi kimi təsvir olunan ağacı daha sonrakı dövrlərdə güldanla interpretasiya edirdilər. Güldanın üzərində rəhil və üzərində açıq kitab təsvir edilmişdir. Kitabın içindən qaynayan budaqların arasında bülbüllər, kamil gözəllər, gözəl güllər və naxışlar həyatın bütün gözəlliklərinin sevgidən yaranmasına işarədir. Böyük məhəbbətlərin qədim kitablarda əks olunması da buna sübutdur. Güldanın bir tərəfində əyləşən və məhəbbətin əziyyətindən əyilən iki gənc təsvir edilmişdir. Həyatın üç gözəlliyi, üç rəngi onların eşqinə ən gözəl nəğmələr qoşur, başqa bir üçlük isə onlara ən gözəl nemətləri ərməğan edir. Həyatımızın bütün gözəllikləri ilahi eşqin qüdrətindən yaranıb və bütün gözəlliklər də məhəbbətin xidmətindədir.


ÜÇ GÜL

Bu işə başlamamışdan çox-çox əvvəl Arifə xanımın sevimli bir xalq mahnısı vardı. O bu mahnını zümzümə edərək işləməyi çox sevərdi.
Yarın baxçasında üç gül açılmış
Hər birisi bir-birini öyməli...
Bir gün bu musiqiyə bir əsər ithaf etməyi düşünür. Mahnı haqqında maraqlanıb soruşduğu mənbələrdən, insanlardan çox müxtəlif fikirlər eşitsə də, öz ilk təəssüratlarına əsaslanaraq üç müxtəlif rəngdə gül yaratmaq qərarına gəlir.
Ağca gülün qapısından baxmalı,
Qızıl gülü dəstə tutub qoxmalı,
Sarı gülü tər buxğa taxmalı...
Ağ gül - özündə sülhü, səmanı, mehribançılığı təcəssüm etdirirsə, qırmızı gül - xoşbəxtlik, məhəbbət, səadət rəmzi kimi götürülmüşdür. Bir də sarı gül var ki, hər şeyin sonu ayrılıq olduğu üçün ayrılığı, həsrəti, nakam sevgini simvollaşdırır. Tikmədə təsvir edilən güllər həyatın günlərinə, qönçələr isə gələcək arzulara işarədir. Dünyaya göz acmağımız ağ günümüzdürsə, ömrümüzün xoşbəxt günləri qırmızı rəngli, şən günlərimizdir. Sarı güllər isə ayrılığa işarə olduğu üçün ömrün son bəzəyidir. Həyatın özü kimi qarışıq bilməcələrlə ibarət çox duyğulu bir əsər alınmışdı sonunda. Bu qədim xalq mahnısına həsr olunmuş əsər ipək saplarla 1989-cu ildə işlənmişdir.


QARABAĞIN GÖZÜ ŞUŞA

Arifə xanım bütün yaradıcılığı boyunca iki şəhərin MİNİATÜR mənzərəsini yaratmışdır. Biri doğulub boya başa çatdığı Şəki şəhəri, digəri Qarabağın incisi Şuşa. Arifə xanım Şuşanı görməsə də oranı özünü, hətta Şuşalı hesab edəcək qədər çox sevirdi. Oranı görmək arzusuyla çox böyük həyəcanlı işlənmiş bir əsərdir. Bu həyəcan ilmələrin atılmasında və düzülüşündə də hiss olunur. Şəhərin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırırdılar. Şuşada 17 məhəllə vardı: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl Qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə. Hər məhəllədə hamam, məscid və bulaq vardı. Əvvəlcə görmək istədiyi yerlərin siyahısını tutmuş, sonra görənlərin çoxlu xatirələrini dinləmişdi. Çox çətinliklə əldə etdiyi məlumat və şəkillər əsasında bu tikməni işləmişdir. O dövrdə dualarında o yerləri görmək arzusunda olanlar bu əsərə baxarkən qiyabı də olsa həmin yerləri ziyarət etmiş olurdular:
1. Cıdır düzü. 2. M.P.Vaqifin büstü-evinin yeri. 3. İsa bulağı. 4. Mehmandarovların evi - Şuşa xalça müzeyi. 5. Bürclü qala divarı. 6. Gövhər ağa məscidi. 7. Meydan bulağı. 8. Qarabağ qonaq evi. 9. Mədəniyyət evi. 10. Turş su qalereyası. 11. M.P. Vaqifin türbəsi. 12. Xan qızı Natəvanın bulağı. 13. Azad uşaq bulağı. 14. M.P.Vaqifin məqbərəsi 15. Şuşa qalasının Gəncə qapısı. 16. Zöhrabbəyovların evi - Şuşa dövlət rəsm qalereyası. Bu tikməni Birinci qarabağ muharibəsinin çətin dövründə işləməsi sənətkara dərin sarsıntılar yaşatmışdır.şox əziyyətlər və dərin iztirablar keçirdərək yaratdığı o yerlərə dərin sevgini daima ürəyində gəzdirən Arifə xanıma çox təssüf ki, o yerləri görmək qismət olmadı. Ammma bu əsərində o bütün hisslərini əbədiləşdirməyə çalışmışdı. Bu tikmə 1992-ci ildə tikilmişdir.


Şəki

Azərbaycan mədəniyyətinin inkişafında mühüm rol oynayan Şəki şəhəri öz tarix abidələri və qədim planlaşdırma qurluşuna görə diqqəti həmişə özünə cəlb edə bilib. Şəki Qafqaz dağlarının qollarında Qurcanacayın və Dəyirmonarx çaylarının qəribə şəkildə qıvrıldığı düzənliklərdə,dərəli təpəli relyefdə yerləşir. Təbii şəraitinə görə həddindən artıq gözəl mənzərələrində dağ görüntüləri, şəhər tikililəri üçün fon təşkil edir. XVIII əsrin sonunda planlaşdırılmış görkəmini əhəmiyyətli dəyişikliklər olmadan XX sərin axırına qədər saxlaya bilmişdi.Günümüzə qədər qismən saxlayır. XIX əsrin ortalarında A.P.Ziserman şəhər haqqında rəylərində onun çox səliqəli olmasından, gil borularla çəkilmiş su kəmərlərindən və s. yazırdı:"Şəkidə heç vaxt palçıq olmur,belə nadir üstünlüyə çox az rast gəlinir.".Arifə xanım böyüyüb boya başa çatdığı Şəki şəhərinin gözəlliyinə heyranlığını göstərməkçün bu əsəri yartmışdır.Bu möhtəşəm layihə üzərində işləyərkən Şəkinin bütün gözəl arxitekturasını əhatə etməyə çalışmışdır. O, işlədiyi hər bir obyekti əvvəlcədən ziyarət etmiş, onun tarixini, memarlıq qurluşunu öyrənmiş və çəhər planlaşmasındakı yerini mümkün qədər dəqiq göstərməyə çalışmışdır. Bütün tarixi abidələri bir əsərdə cəmləməyə cəhd etmişdir. Bu əsəri yarandığı dövrdə Azərbaycanın İLK MEMARLIQ KOLLAJI hesab etmək lazımdır. Daha sonrakı dövrlərdə ilhamlanmış rəssamlar çoxlu bənzər və fərqli müxtəlif memarlıq kollajları yaratmışlar.Bu əsər həm tikmədə, həm də Azərbaycan sənətində ilk dəfə memarlıq abidələrinin bir tabloda miniatür üslubunda toplusudur. Əsərin yuxari mərkəz hissəsində şəhərinyüksək hissəsində yerləşən Xan sarayını(1) görürük. Qarşısında səkkiz guşəli ulduz formasında Saray hovuzu(2)görünür. Sarayın önündə üç gözəl musiqi çalır, biri isə rəqs edir ki, bu da firavanlığa işarədir. Solda Saray məscidinin minarəsi(3),daha sonra Narın qala(4)divarlar, sağda Gileyli məscidin(5)minarəsi görünməkdədir.Bu məscid Narın qala divarlarının daxılındı yerləşən Xan sarayından da yüksək hündürlükdə yerləşir. Narın qala daxilində hazırda muzey kimi fəaliyyət göstərən Alban məbədi(6)də çox maraqlı arxitekturaya malikdir. Şəkinin tanınmış ziyalılarından olan M.F. Axundovun ev muzeyi(7) qarşısındakı hovuzuyla(8) birlikdə tikmədə yerləşdirilmişdir. Əsərin iki yan tərəfində isə Şəki küçəsi üzərində yerləşdirilən Yuxarı(9) və aşağı(10) karvansaralar təsvir olunmuşdur. Bu iki karvansara bir kuçə boyu ardıcıl yerləşsə də tablo tikmədə Arifə xanım onları əsərin hər iki tərəfində yerləşdirməklə şəkililərin qonaqpərvərliyinə işarə etmişdir. Dörd tərəfdən çinarlarla əhatə olunmuş Şəkixanovların evi(11), o zaman itib batmaqda olsa da Arifə xanımın diqqətindən qaçmır. Bu çox maraqlı daxili interyeri olan binada Arifə xanım dəfələrlə olmuşdu və bu Qış sarayındakı miniatürləri heyranlıqla dəfələrlə şəhərə gələn qonaqlarına da göstərmişdi. Tikmənin yuxarısında Gödək Minarə(12) görünür. Daha sonra Cümə məscidi(13) divarındakı xatirə bulağı ilə birlikdə təsvir edilmişdir. Aşağılarda Şəhərin Böyük məscidlərindən biri(13) yaxınlığındakı Hamamla(14)və bulaqla birlikdə çinarlar arasında işlənmişdir. Çinarlar və bulaqlar Şəkinin naxışları idilər o dövrdə.Şəhərin daha aşağı - Qışlaq deyilən yerində yerləşən üç güyüm (15)heykəli və cüyümlə su gətirən qız tikmənin aşağı hissəsində yer tutur. Əsər şəhərin girəcək qapısı olan Ala qapı(16) ilə tamamlanır. Dörd tağlı Ala qapılarda şəhərə gələnləri əllərində Şəki nemətləri yığılmış sinilərlə qarşılayan qızlar qarşılayır. Onlar xoş niyyətli bütün insanları şəhərə gülərüzlə dəvət edirlər. Beləliklə bu heçdə böyük olmayan tikmə miniatür tabloda 16 memarlıq abidəsi yer almışdır. Nəzərlərimiz hər bir abidənin üzərindən keçərkən sanki biz də şəhəri gəzirik. Əsər 1991-ci ildə Şəkidə ipək saplarla yun parça üzərində təkalduz tikmə ilə yaradılmışdır.


XARI BÜLBÜL

Bu məxmərtel tikmə ilə 1986-cı ildə kətan parça üzərində tikilmişdir. Tikmə Qabağımızın füsünkarlığına həsr olunmuşdur. Çiçəyə balaca bülbülün sevgi nəğməsi sanki bu əsərdən eşidilməkdədir. Arifə xanım bülbülün gülə olan sevgisini bizim Qarabağa olan sevgimizə bənzətmişdir. Gülün tikanları bülbülü yaralasa da ona nəğmə deyər, başına dolanar. Qarabağımıza bülbül,bülbülə isə gül, gülə isə gözəllik yaraşır. Bu harmoniya baxanları valeh edir. Əsərə diqqətlə baxdıqda bu sehirli aləmin musiqisini eşitmək olar.
ÜÇ NAR
Arifə xanımın əsərlərində çox müraciət etdiyi sevimli simvollarından biridir. Hər əsərində fərqli simvolikadn yanaşma vardır. Buradakı narlar dövlətçilik simvolu mənasında götürülmüşdür. Əslində Arifə xanım 1987-ci ildə işlədiyi bu əsərində Qafqazın üç dövlətini təsvir etmişdir. Daxilində çoxlu millətlərin birgə həyatını saxlayır. Daxilinin birliyi, mütənasibliyi, təmizliyi və gözəlliyi qədər safdır. Narların gözəlliyi və saflığı daxındə çox sayda dənələrin olmasına baxmayaraq bütöv olmasındadır. Bütöv və saf dənəli nar daha gözəldir. Üç nar isə ta qədimdən cəmiyyət,hakimiyyət və ədalət simvoludur. Bir ağacın meyvələri kimi narlar bir-birinə söykəniblər.Bir birlərinə dayaq olmaları onları kənar təsirlərdən qoruya bilir. Yalnız bütövlük və birlik bu narların ağacda qalmasını şərtləndirir, yerə düşdüsə dağlır, parçalanır. Nə qədər öz daxilləri saf olarsa o qədər sağlamdırlar, o qədər də uzunömürlüdürlər.
Xan sarayı divar təsvirləri silsiləsi
Xan sarayı 1762-ciildə Hüseyn xantərəfindən yay sarayı kimi tikdirilmişdir. Xanın yay sarayında müxtəlif texnikalı bəzək elementlərinin çoxluğu vardır. Burada şəbəkə, taxta oyma, güzgülü stalaktitlərlə yanaşı çox gözəl divar təsvirləridə vardır. Bütün divar naxışları tempera ilə işlənmişdir. Ətraf aləmin koloritini özündə əks etdirməklə yanaşı mürəkkəb sakral simvolik mənalar daşıyır. Hazırda saray boş olsa da xanın öz zəmanəsində döşəmələrin gözəl ipək xalılarla bəzədilmiş olması məlumdur. Sarayın qonaq otağındakı tavanının tam güzgüdəki kimi əksini xatırladan ipək xalı Rusiyanın Sankt -Peterburq şəhərindəki Ermitajda saxlanılır. Xalı-Xalçalarla yanaşı çoxlu ipək tikməli nazbalınc üzü, mütəkkə üzü,taxça bəzəkləri, və s. tikməli məişət əşyaları daşınılıb aparılmışdır. Arifə xanım gözünün qarşısında sarayı bütün cah-cəlalı ilə canlandıranda çox böyük ilham alırdı. Ona görə də Xan sarayının naxışlarına, divar rəsmlərinə olan vurğunlunu dəfələrlə öz əsərlərində göstərmişdir. Beləliklə, Xan sarayının divar təsvirlərini təsəvvür və yaddaşında canlandıraraq silsilə işlər yaratmış, bu mövzunu tədqiq etmiş və dəfələrlə, zaman-zaman onlara müraciət etmişdir. Arifə xanım naxışların dilini oxuya bilir və bu dildə danışa bilirdi:
SEVGİLİ BUTALAR Sarayın müxtəlif yerlərində cürbəcür butalara rast gəlmək olar. Bu butaları bircə-bircə yaddaşına saxlayan Arifə xanım onların rəmzi mənalarını, niyə onların o yerdə məhz o cür çəkilməsini və bununla hansı informasiyanı ötürmək istədiklərini anlamağa çalışmışdır. Əslində bu buta təsvirlərinin dili ilə həyat fəlsəfəsinin danışıldığını Arifə xanım anlamışdı. Xan sarayının divarlarında tez-tez rast gəlinən digər motiv isə müxtəlif formalı güldanlardır. Bu isə həyat ağacının stilizə olunmuş formasıdır. Forma müxtəlifliyi ilə müxtəlif məzmunlar ifadə edirdilər. Arifə xanım üzərində tədqiqat apararaq mənalarını açmağa çalışmışdır. "Sevgili butalar" əsərində təsvir olunan butalar güldandan böyükdür. Bu isə sevənlərin hisslərinin həyatın özündən böyük olmasına işarədir. Sevgililərin birləşməsindən günəş doğub. Onların üstündə bülbüllər qarşı qarşıya söhbət edirlər. Sevənlər haqqında çox danışarlar.Sevənlərin gələcək haqqında arzuları həyatlarından çoxdur, naxışlarla zəngindir. Güldanın kənarlarında sərv ağacları və güllər çalışırlar bu sevgini kənar təsirləndirirrdən qorusunlar, gizlətsinlər. 1988-ci ildə ipək saplarla yun parça üzərində təkalduz tikmə ilə tikilmişdir.
HAKİMİYYƏT
Günəşdən güc alan iki əjdahanın ağzından gül püskürməsini təsvir edərkən hakimin öz xalqından güc almasına və nə qədər güclü olsa da ağzından gül kimi gözəl sözlər söyləməsinə, məharətlə xalqı idarə etməsinə işarə etmişlər. Ortadakı nar təsviri dövlətin bütövlüyünün vacibliyinin simvoludur. Çoxlu xırda dənələrin bir narda birləşməsi tacın varlığına, qorunmasına simvolik işarədir. Tacda üç alov - Azərbaycan simvoludur. Narın ortasında maralı şir parçalayır. Yəni siyasətdə güclü zəifi parçalayır, ona üstün gəlir. İki şam ağacı şam kimi yanır. Dövlətin rəhbəri də özü də bilmədən şam kimi əriyib axır və ətrafında da şam kimi əriməyə hazır olan adamlar olmalıdır. Nar iki balıq üzərində təsvir olunub. Bu isə hakimiyyətin sürüşkən olduğuna və var-dövlət, pul üzərində qurulduğuna işarədir. Baliqların ağzından alov formalı güllər çıxır ki, bu da Azərbaycana - odlar diyarına, birliyə eyham vurmaqdı. Ümumiyyətlə əsər dörd tərəfdən üç alov simvolları ilə əhatə olunmuşdur. Aşagıda yaşıl sərv ağacları və qamışlar isə ətraf həyatda hər şeyin öz axarı ilə davam etdiyini göstərir. 1989-cu ildə ipək saplarla yun parşa üzərində təkalduz tikmə ilə tikilmişdir.
XANIM
Bu əsərdə güldan xanım simvolu kimi təsvir edilmişdir. Həyatın bütün yükünü öz incə çiyinlərində daşıyan xanımlar ayaqları ilə də həyata dirənir. Öz başı üzərində yarpaq-günlər arasında çoxlu butalar saxlayır. Dörd böyük buta, aşağıda iki sevgili buta və iki balalı buta görünür. Yuxarıdakı böyük butalar küsüşən butalardı. Onların içərisində sərv ağacları alışıb yanır və ucları birləşir. İki kiçik buta ucları ilə böyük butaya birləşir.Qadınların özləri kimi təzadlıdır bu butalar da. Tez-tez bir-birindən küsən xanımlar, qohumlar arasında da həmişə belə müxtəlif və mürəkkəb insanı münasibətlər olur. Rənglər və elementlər həyatının bir dövründə qız, başqa bir dövründə gəlin, daha sonra isə qaynana olan əsl xanımların zərif çiyinlərində daima böyük bir yük olmasına işarələrdir. 1990-cı ildə ipək saplarla yun parça üzərində təkalduz tikmə ilə işlənmişdir.
ƏR BUTA
Kişi dünyasının bəii həlli də çox maraqlıdır. Güldanın rəngləri soyuq olub ,özü isə çox mütənasib sərt qurluşa malikdir. Ciddi görkəmi güldanın buta və gülləri isə çox əlvan və rəngarəngdir.Butaları üz-üzə mərd mərdanə dayansa da daxildə başqa fərqli, mücərrəd aləmləri var. 1991-ci ildə ipək sapla yun parça üzərində təkalduz tikmə ilə tikilmişdir.
BALA BUTA
Bu balaca güldan gözəxoş, şən və rəngarəngdir. Üzərindəki naxışlar təmiz,sadə, və konkretdir. Butalar isə gələcəyə ümidlər verən mavi rənglərlə əhatə olunmuşdur. Tumurcuq buta iki istəkdən əmələ gəlir. Özündə hər iki butanın rəngini daşıyır və gələcəyə uzanır. 1992-ci ildə ipək sapla yun parça üzərində təkalduz tikmə ilə tikilmişdir.
SƏMƏD VURĞUN -90
1906-cı ildə Qazağın Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub Vəkilovlar ailəsində anadan olmuşdur.Kosalı ağaları, sonradan isə Vəkilovlar adlanan nəslin azı 400 illik tarixi məlumdur.Gözəllik vurğunu olan şairimizn şerlərini o dövrdə hamı əzbər bilirdi.Arifə xanımın da sevdiyi şairlərdən biridir. Səməd Vurğun təbiətə sonsuz sevgilərlə bağlı olan şairdir.Ziyalılarımızdanbiri olan Cavd Heyət yazırdı ki, vəfatından az əvvəl Şəhriyarla görüşümüzdə ondan soruşdum ki, Şimal şairlərindən hansını üstün sayırsınız? O bir az düşündü və dedi Səməd Vurğunu. Səməd Vurğunu "Bahar şairi" də adlandırırlar. Təbiətin ən gül-çiçəkli dövrü olan bahara şerlərində teztez müraciıət edən şair özü də 21 mart Novruz bayramı,yaz gecə-gündüz bərabərliyində dünyaya gəlmişdi. Arifə xanım onu eləcə gül-çiçəklər arasında təsvir etmişdir. Ağ saçlarının gğzəlliyini ağ albalı çiçəklərinə bənzətmişdir. Səməd Vurğun kimi Arifə xanım da baharı çox sevərdi. Al-əlvan yaz güllərinin ətri gəlir bu əsərdən. Şairi hər iki tərəfdən baharın rəmzi kimi sevgili butalar əhatə edir. Aşağı künclərdə isə həmişəyaşıl sərv ağacları ucalır. Bu şairin həmişəyaşarlığına işarədir. Şairin ad lövhəsinin kənarlarında isə ceyranlar təsvir olunmuşdur. "Ceyran" şeirindəSəməd vurşun "muğanın gözəli" adlandırır ceyranları.
Ovçu insaf elə keçmə bu düzdən ,
O çöllər qızını ayırma bizdən.
Şairin ad lövhəsini sanki ceyranlar qoruyurlar. Şairin insanları təbiəti qorumağa səsləməsi günümüzlə səsləşir. Vətənini, doğma torpağının əsrarəngiz təbiətini sevdiyi üçün özünə "Vurğun" təxəllüsünü götürən şairin çoxlu tərcumələri, poemaları var. Molla Pənah Vaqifin nəslindən olan şair həm də dəfələrlə səhnələşdirilmiş "Vaqif" dramının müəllifidir. Bütün bulara baxmayaraq təbiət aşiqi olan Səməd Vurğun təbiətin özü kimi arifdir. Arifə xanım bu portreti 1996-cı ildə ipək saplarla yun parça üzərində təkalduz tikmə ilə yaratmışdır.
ŞƏHRİYAR və ŞƏHRİYAR -90
Cənubi Azərbaycanımıza da böyük qayğıyla yanaşan, ordakı qocaman mədəniyyətimizin parçası olan inciləri araşdıran Arifə xanım Şəhriyar yaradıcılığından yan keçə bilməzdi. Hələ Sovetlər dövründə Şəhriyarın yaradıcılığı ilə tanış olan Arifə xanımın sərhədlər açılanda ilk işi Şəhriyyarın dilindən şerlərini dinləməkçün onun səs yazılarını əldə etmək oldu. Arifə xanım müxtəlif illərdə Şəhriyarımızın iki böyük portretini işləmişdir. Çox təəssüf ki, bu tikmələrin keyfiyyətli fotoları saxlnamaışdır. Portretlər biri 1989-cu ildə ipək saplarla təkalduz tikmə ilə tikilmiş, İrandakı Şəhriyar müzeyinə təhvil verilmişdir. Digəri isə 1996-cü ildə şairin 90 illik yubileyi munasibəti ilə ipək saplarla təkalduz tikmə texnikasında işləmişdir. Sərgidən sonra İran - Azərbaycan mədəniyyət mərkəzi tərəfindən alınmışdır. Portretlər iki müxtəlif kompozisiyada işlənsə də hər ikisində də şair Heydər baba dağının fonundan bizə kədərli gözlərlə baxır.
BƏXTİYAR VAHABZADƏ
Şəki torpağının yetirməsi olan şair həm də dərin fəlsəfəyə malik idi. ADU-nun Filologiya fakültəsində təhsil almış, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir .Çox vətənpərvər bir insan idi. Arifə xanımı bir dəfə evində qonaq edir və yaradıcılığı haqqında eşitdiyinideyir,gələcək planları ilə maraqlanır. "Bəlkə mənim də portretimi yaradasan və sənin bütün işlərin kimi sərgilərdə səyahət edər demişdi" yumşaq Şəki zarafatı ilə. Arifə xanım Bəxtiyar vahabzadədən də bir neçə şeirini əzbər bilirdi. Bütün nəşr olunan kitablarının külliyatını kitabxanasında qoruyur, vaxtaşırı oxuyurdu.Bu görüşdən sonra işə başladı və Şəki naxışları ilə əhatələnmiş gözəl birminiatür fonda canlı bir portretərsəyə gəldi. Bu əsərə baxan şair "Məni cavan yaratmısan, qocalmışam daha" demişdi.arifə x:"Fotolardan cavan baxırsız amma" -- "Ümid edirəm çox sərgilərə aparacan bu portreti. Məndə qalmasını istəmirəm,çünki burda ancaq özüm görəcəm. Sən onu mən olmadığım yerlərə aparacan." demişdi şair.--- Belə bir polemika olmuşdu iki sənətkar arasında. Yaradıcılığına verdiyi yüksək dəyərə görə portretin haşiyəsində şairin özünün misraları da yer alır. 1990-cı ildə ipək saplarla təkalduz tikmə ilə tikilmişdir. Böyük sənətkar 2010-cu ildə şairin vəfatından sonra ikinci bir portretini də işləmişdi. Onu şairin ev muzeyinə vermək istəyirdi. Lakin qismət olmadı. Özü də həmin il dünyasını dəyişdi.
QARABAĞNAMƏ
Müəllif Mehriban Xəlilzadədir. 2020 -ci ildə ipək saplarla təkalduz tikmə, güləbətin tikmə, oturtma tikmə, muncuqlu tikmə, pilək tikmə texnikasında işlənmişdir. İkinci Qarabağ döyüşlərinin qızğın dövründə qələbə çalacağımıza ümidlə işə başlanmışdır.Gözəl Qarabağımızın bütün bölgələrinin memarlıq incilərini, nişanlarını bu işdə toplamağa qərar verilmişdir. Bütün bu torpaqların geri qaytarılmasında və qələbəmizin qazanılmasında ŞƏhİD olan igidlərimizi simvolik rəmzi kimi ulduzlar bütün iş boyu səpələnib.Çünki onlar o torpağın hər qarışı üçün canlarından keçiblər.Bu dünyada bizimlə bərabər qələbəyə şahidlik eliiyə bilməslər də göydəki ulduzlara çevrilib daima ruhları o torpaqlar da gəzəcək. Əsərin mərkəzində qələbəmizin simvolu olan Qarabağımızın zərif çiçəyi Xarı bülbül yer alır. Ətrafındakı minlərlə ulduz isə o çiçəkləri qanıyla suvaran igidlərimizin nişanələriidir. Əsərə tamaşa edərkən baxışlarımızla Xankəndidə Xankəndi Universiteti(1969-cu il), Xocavənddə Azıx mağarası(poleolit dövrü), Şuşada Gövhərağa məscidi(1750-1883-cü illər), Ağdamda Pənahəli xanın Şahbulaq qalası(1752-ci il), Xocalıda Əsgəran qalası(1751-ci il), Kəlbəcərdə İstisu sanatoriyası(1138-1925ci ilər), Ağdərədə Suqovuşan(1976-cı il), Cəbrayılda Xudafərin (1027-ci il), Zəngilanda Yəhya ibn Mühəmməd (1305-ci il), Laçında Həmzə Sultan sarayı(1761-ci il), Qubadlıda Laləzar görpüsü(1867-ci il), Fizulidə Şeyx Babi türbəsi(1272-ci il) kimi tarixi məkanlarımızı gəzirik sanki. On iki tarixi məkanımızdan keçirik. Butalar pöhrələnən arzuları simvolizə edir. Keçmişin və gələcəyin birgə parlaması əsəri daha da zənginləşdirir. Çox böyük bir həyəcanla işlənmiş və qələbədən bir neçə ay sonra tamamlanmışdırdir.


ONLAYN MAĞAZA

Saytımızda axtardığınız sualın cavabını tapa bilmirsinizsə


və yaxud daha geniş ətraflı məlumat almaq istəyirsinizsə, xahiş edirik bizimlə əlaqə saxlayın.

Müxtəlif telekanallar, jurnalistlər və mətbuat nümayəndələrinə həmişə xüsusi vaxt ayırırıq. Müvafiq ixtisas sahələrinin mütəxəsisləri, mədəniyyətşünaslar, rəssamlar, sənətkarlarla çox geniş spekterli əməkdaşlığa hazırıq. Tələbələr və sənət öyrənmək istəyənlərə interaktiv dərslərdən yararlanmağı məsləhət görürük.
  • Telefon
    (+994) 50 312 73 16
    (+994) 51 678 04 10
  • Email
    info@tekalduz.com
  • Ünvan
    Bakı şəhəri Nizami rayonu
  • Poçt indeksi
    1142