HƏR HANSI BİR MATERİALDAN İSTİFADƏ ETMƏZDƏN ÖNCƏ ƏLAQƏ SAXLAYIN.
Üslublar, texnikalar, ləvazimatlar, oxşar və fərqli cəhətləri.
Azərbaycan xalqının ta qədimdən çox müxtəlif texnikaya malik rəngarəng tikmə mədəniyyəti vardır. Azərbaycan ərazisində bədii tikmələrin müxtəlif bəzək üsulları ilə
işlənməsi həm yerli xammalların zəngin və çox çeşidli olması ilə,həm də xalqın yaşayış tərzi, adət-ənənələri, daxili mənəviyyatının zənginliyi, gözəlliyə olan vurğunluqla
əlaqədardır.Zövqün təkamülünün bütün pillərindən keçən tikmələrimiz uzuzn bir yol gəliblər. Pambıq, yun, ipək, kimi gözəl və qiymətli liflərin istehsalı və bolluğu,təbii
boyaqların yerli bitkilərdən və canlılardan alınması, zərgərlik kimi digər yanakı sənət sahələrinin də ustadlaşması,ticarətin inkişafı tikmələrimizin qədimdən indiyə
qədər uzun və şərəfli yolunu həmişə stimullaşdırıb.
Dövlətimizin hər dövrə uyğun siyasi - iqtisadi vəziyyəti digər sənət sahələri kimi tikmələrimizin də yüksəliş və tənəzzül dövrlərinini yaşamasına səbəb olub.
Tikmələrimizin intibah dövrü Səfəvilərin hakimiyyəti illərinə , XVI- XVII əsrlərə təsadüf edir. Həmin dövrdə ümumiyyətlə sənət və sənətkarlığa verilən yüksək
dəyər sayəsində tikmələrimiz təkcə Şərqdə deyil, o zamankı dünyanın bütün istiqamətlərində əmtəə vasitəsinə çevrilmişdi.Saray nəqqaşları tikmələrçün xususi gərdələr,
naxışlar hazırlayırdılar.Mahir ustaların çoxsaylı karxanalarında ustad sənətkarların nəzarəti altında yerli xammaldan işlənib hazırladıqları tikmələr həm
Şərqdə, həm də Qərbdə sarayların bəzəyinə çevrilirdi.Hal - hazırda Avropa muzeylərini bəzəyən nümunələrin çox hissəsi o dövrə aiddir.Səfəvilərin süqutundan sonra
get- gedə zəngin naxış kompozisiyaları sadələşmiş və motivləri itmişdir.Tikmələr saray və əmtəə məhsulundan məişət səviyyəsinə düşsə də texnika və incəliklərini xüsusi
sənətkarlar qoruyub saxlamış, nəsillərə ötürmüşlər.
XIX-XX əsrlərin əvvəllərindən başlayaraq sadə və yeni üslub kütləvi səciyyə daşıyır. O dövrdə baş verən siyasi hadisələr iqtisadiyyata ağır zərbə vurması
nəticəsində sənətkarlar köç edir, həyat tərzini dəyişirdilər. Bu səyyahların diqqətindən qaçmır. Qərb səyyahları Şamaxını təsvir edərkən yazırdılar:"Burada zolaqlı mov
parçalardan başqa digər naxışlı ipək parçalara çox az təsadüf olunur.". XIX əsrin II yarısından başlayaraq fabriklərin qurulması sənətkarlığın tənəzzülə uğramasına səbəb
olur.İrandan qaçaq yolla gətirilən keyfiyyətli Avropa çitinin və Rusiyada yeni-yeni istehsal olunmağa başlayan keyfiyyətsiz, amma ucuz Rus çitinin Qafqazın hər küncündə
kütləvi yerli bazara axını bir çox yerli tikmə və toxuma parçaların bazardan çıxmasına və daha sonrakı dövrlərdə itməsinə səbəb oldu.Yarı Şərq, yarı Avropa bədii üslubunda
Rusiya fabriklərində toxunan parçalar və ədədi paraça nümunələrinin ( süfrə, dəsmal,pərdə,baş örtüklərinin ) istehsalı zövqsüz,qeyri-bədii üslubda olsa da yeni yaranan yerli
burjuaziyanın məişətində geniş yer tutur.Milli naxış və koloritdə olan xara,zərxara,kimxa, diba kimi texnikalar təmamilə itirilir. Mov, qələmkar, tafta, qanavuz, darayı,
alaca, dərayi, güləbətin istehsalının bədii xüsusiyyətləri dəyişir və istehsalı kəskin azalır.
Bütün yerli xammal, qızıl və gümüş, əlvan metallar daşındığına görə sənətkarlıq emalatxanaları xammal qıtlığı çəkir və bağlanırdı. Ən qədim liflərdən olan kətan
liflər artıq ancaq astarlıq toxumaqçün istifadə olunurdu. Tikmələrdəki bədii əhəmiyyəti zəifləsə də məmulatların astarlıqları üçün lazımlı idi. Eramızdan əvvəl I-III minillikdən
Qafqaz Albaniyasında maldarlıq inkişaf etmişdi. Neolit dövründən toxucu dəzgahlarını işlədən xalq xammal qıtlığı çəkir. Eramizdan əvvəl V-IV minilliklərdən Azərbaycan
ərazisində becərilən pambıq lifləri cit parçaya çevirərək üzərini naxışlayıb kişi və qadın geyimləri hazırlayan sənətkarlar sənəti atır və başqa şəhərlərə köçürlər.
XVII əsrdən Azərbaycan ərazisində yetişdirilən əbrəşim barama növü XIX sonlarında "çıxari" adlanan keyfiyyətsiz barama növü ilə əvəz olunur. XVIII əsrdə Özbəkistana
Mərvdən gedən azərbaycanlıların apardıqları əbrəşim baraması Səmərqənddə yeni həyat qazansa da get-gedə yerli bazardan yoxa çıxır. Eyni adlı parçalar da bazardan çıxır.
Təbii boyalar analin, alizalin kimi boyalarla əvəz olunur.
Piralov A.C. "Kratkiy oçerk kustarnıx promıslov Qafqaza-SPB"( Kраткий очерк кустарных промыслов Кафказа-СПБ ) 1913-cü il, səh 83-də yazır"Çar Rusiyasından əvvəl
ölkə parçalarla çox zəngin idi, inkişaf etmişdi. Çunki o dövrün müharibə və münaqişələri imkan vermirdi ki, xammalı kənara çıxartsınlar. Onıarın daxili bazarlarında xammal
tükənməz idi. Lakin bizim himayəmiz altına keçəndən sonra qarşımızda çoxlu xammal mənbəyi aşkar edildi. Əlbəttə buradan əldə etdiyimiz çoxlu və ucuz xammal Rusiyanın
ipək-toxucu fabriklərinin daha da inkişafına səbəb oldu. Biz isə əvəzində yerli istehsal texnikalarina heç bir yenilik etmədik. Bu səbəblərdən Zaqafqaziyada ipək istehsalı
tənəzzülə uğradı."
Kütləvi istehsaldan uzaq qalsa da tək-tək sənətkarların əllərində olan qabiliyyət hələ bir muddət müxtəlif sərgilərdə mukafatlara layiq görülməyə davam edir.
Hər şəhər, qəsəbə özünəməxsus tikmə dəsti-xəttinə, bədii üslubuna malik idi. Bakı, Şamaxı, Şuşa, Naxçıvanda güləbətin tikmə geniş yayilsa da, Şəkidə təkalduz tikmə
inkişaf etmişdi.Bakı güləbətinləri Şamaxı güləbətinlərindən təkcə motivləri ilə deyil, həm də texnikası ilə də seçilirdi. Bakıda həndısi naxışlar üstünlük təşkil edirsə,
Şamaxıda kosmoqonik elementlərə daha çox rast gəlinir. Güləbətinlər Bakıda səthi qabarıq, Şamaxıda isə adətən zəminduzi üsulu ilə tikilirdi. Səthi hamar olan bu
naxışlarla geyimləri bəzyirdilər. Naxçıvan güləbətinlərində həm qızılı, həm gümüşü, həm də məlilə tikmədən, çaxma piləklərdən, mirvarilərdən geniş istifadə olunur,
bəzən əlavə olaraq ipək saplarla digər bəzəklər də vurulurdu. Bu isə kompozisiyanın zənginliyini artırırdı. Gəncənin naxışlı sırıma yorğanları günümüzdə də məşhurdur.
Lənkəran və Şuşanın xanduz, sanama tikmələri bir-birlərindən rənglərinə görə fərqlənir.Şuşada bu daha çox nəbatidir. Şuşa tikmələri çox çeşidli olmaqla yanaşı zərifliyi ilə
seçilir. Burada sanama, güləbətin, tikmələr mirvari, muncuq, çaxma piləklərlə bərabər işlənilirdi.
1858-ci ildə Aleksandr Düma Xurşudbanu Natəvan ilə Bakıda görüşərkən başqa hədiyyələrlə yanaşı, ona öz əlilə tikdiyi muncuq tikməli pul kisəsini də vermişdir.
Hədiyyənin zərifliyinə və yüksək sənətkarlıqla işlənməsinə heyran qalan Düma onu “ən gözəl hədiyyə” adlandırmışdır. Xan qızı Natəvanın müxtəlif texnikalarda tikdiyi əl
işləri Milli Azərbaycan Tarix Muzeyinin fondunda qorunub saxlanılır. O, həm sanama, həm muncuqlu, həm güləbətin,çaxma piləkli tikmələrlə naxış salmaqla yanaşı öz dizaynı ilə
göynək və başmaqlar, geyimlər də hazırlamışdı. O dövrdə tikmələrçün eskizləri dövrün ən böyük rəssamları və sənətkarları hazırlayırdılar. Mir Möhsün Nəvvab və Mirzə Qədim
İrəvaninin sənətkarlıq karxanaları üçün işlədikləri eskizlər Qafqaz Kustar Komitəsi tərəfindən sənədləşdirilib.1889-cu ildə Tiflisdə yaradılan Qafqaz Kustar Komitəsinə böyük
ümidlər bəsləyən Həsən bəy Zərdabi və həyat yoldaşı Hənifə xanım da öz əl işləri olan cecim və tikmələrlə sərgilərdə iştirak etmişlər. 1889 cu ildə Tiflisdə, 1902-ci ildə
Peterburqda keşirilən Qafqaz kənd təsərrüfatı və sənayesi sərgisində muvəffəqiyyət qazanmışlar.Qafqaz Kustar komitəsi tərəfindən 1912-1913 cü illərdə 79 ədəd ( bunlardan
30-u xalça idi və təkcə bir kənddən İmanqulukənddən toplanmışdı ), 1914-cü ildə isə 149 ədəd milli naxış və eskizlər sənədləşdirilmişdi. Naxış motivləri bu komitə
tərəfindən toplanılır və kustar emalatxanalara pulla satılırdı. Bu şəkildə təkmilləşdirdiklərini düşünürdülər, lakin gərdələrin tikilməsi zamanı rənglərin seçilməsi düzgün
olmadıqda klassik sənətkarlıq ənənələri pozulmuş olurdu.Sənətin ustaddan öyrənilməsi adətinin pozulması nəticələrə pis təsir edirdi.Ona görə də bədii şöbənin hazırladığı bu
gərdələr sənətkarlar tərəfindən rəğbətlə qarşılanmırdı,ancaq itib batmaqda olan nümunələrin eskiz olaraq saxlanılması cəhətdən əhəmiyyətli idi.
Azərbaycan tikmələrini material və işlənmə texnikasına görə iki böyük qrupa bölmək olar. Lakin eyni materialla muxtəlif texnikaların işlənməsi fərqli estetik
görünüş verir.Ona görə tikmələrimizi əsasən texnikalarına görə qruplaşdırılması daha doğrudur. Hər növ tikməni daha şox işləyən və sevən regionlarımız olub, ancaq məişətdə
demək olar ki, bütün tikmələr bütün bölgələrdə tam sənayeləşmə dövrünə qədər geniş istifadə edilib. Tikməylə ta qədimdən qadınlar daha şox məşgul olublar. Tikməli yaylıqlara
yazmalı deyiblər. Arzularını, ümidlərini simvollara naxışlara çevirib yaylıqlara tikiblər. Dil ilə deyə bilmədiklərini naxişların diliylə söyləyiblər. Naxışlarda simvolizm
həmişə sirr kimi qorunub saxlanılıb. Naxişlardakı semantikanı yalnız ustaddan tələbəyə ötürülməsi mumkun idi.Ona görə də tikmələrimiz keşmişdən gələcəyə ötürülən
namələrimizdir. Belə bir fakt var ki, Şah Abbasın tikmə sənətini bilməsi onun həyatını xilas edib. Salındığı zindanı tikmə məktubla xəbər göndərən şah abbas həyatını və
hakimiyyətini tikmələrin köməyi ilə qurtara bilib. O dövrdən hökmdarların hər hansı bir sənəti mükəmməl bilmələri şərt olub.texniki cəhətdən tikmələrin naxişları növünə
görə kəskin dəyişə bilər.Ümumi olaraq aşağıdakı qruplarda cəmləşdirmək olar:
HƏNDƏSİ- HƏNDƏSƏ ƏN QƏDİM ELMLƏRDƏN BİRİYDİ VƏ BU ELEMENTLƏR TİKMƏLƏRDƏ DƏ GENİŞ İSTİFADƏ OLUNURDU.
NƏBATİ- BİTKİ MOTİVLƏRİ, BƏZƏN HƏR BÖLGƏNİN TƏBİƏTİNƏ GÖRƏ DƏYİŞƏ BİLƏR,İNSANLAR ƏTRAFDA GÖRDÜKLƏRİ GÜL VƏ ÇİÇƏKLƏRİ TİKMƏ NAXIŞLARINA ÇEVİRİBLƏR.TİKMƏLƏRDƏ GÜL ADLI
QIZLARA İŞARƏ KİMİ DƏ VERİLƏ BİLƏRDİ.
KOSMOQONİK-İNSANLAR SƏMANI İZLƏMƏYİ SEVDİKLƏRİ KİMİ ZAMANI DA TİKMƏLƏRDƏ KOSMOQONİK SİMVOLLARLA GÖSTƏRİRDİLƏR. BURA BÜRCLƏR VƏ ƏLAMƏTLƏRƏ İŞARƏ OLARAQ ELEMENTLƏRİ, AYI,
ULDUZU, GÜNƏŞİ VƏ S. DAXİL ETMƏLK OLAR.
ZOOMORF- MÜXTƏLİF GÖRDÜKLƏRİ HEYVANLARIN TƏSVİRİNİ TİKƏRƏK MAL MÜLKLƏRİNİ, PROBLEMLƏRİNİ, İSTƏKLƏRİNİ,QORXULARINI TƏZAHÜR ETDİRMİŞLƏR.
MİFOLOJİ-OLMAYAN VARLIQLARI ÇOX VAXT TƏSVİR ETMƏKÇÜN TİKMƏLƏRİN DİLİNDƏN İSTİFADƏ ETMİŞLƏR, ƏJDAHALAR, PƏRİLƏR ÇOX GENİŞ YAYILMIŞ MOTİVLƏRDİR.
SİMVOLİK- ZAMANINDA MƏNASI YALNIZ XÜSUSİ ADAMLARA BƏLLİ OLAN BU NAXIŞLARDAN ÇOX EHTİYATLA İSTİFADƏ EDİRDİLƏR.
DİNİ VƏ KALİQRAFİK - BU YAZILARDAN NAMAZLIQLARI, MƏRASİM GEYİMLƏRİNİ, EVLƏRİ BƏZƏMƏK VƏ QORUMAQÇÜN İSTİFADƏ EDİRDİLƏR.BELƏ TİKMƏLƏRİ İŞLƏMƏZDƏN ƏVVƏL 40 GÜN ORUC TUTARMIŞLAR.
İŞLƏYƏN ZAMAN İSƏ SUSQUNLUQLARINI QORUYAR VƏ YAXUD DUALAR OXUYARMIŞLAR. ŞAHLAR VƏ ÖVLADLARI ÜŞÜN BU QAYDALARA ƏMƏL OLUNARAQ TİKİLƏN YAZMALI KÖYNƏKLƏRİN OLARI HƏTTA,
QILINCDAN DA QORUYACAQLARINA ÜMİD EDİRDİLƏR.İSTAMBUL TOPQAPI SARAYINDA OSMANLI ŞAHZADƏLƏRİNİN BELƏ YAZILI TİKMƏLİ CAN KÖYNƏKLƏRİ SAXLANILIR. YAXADAN ASMA DUALİQLAR,
QURANQABLARI BİZİM MUZEYLƏRDƏ DƏ SAXLANILIR. TURK XALQLARINDA ÇOX GENİŞ YAYILIB. BƏZƏN RUBAİLƏR,ŞER MİSRALARI DA KALLİQRAFİK YAZILARLARLA İŞLƏNİLİRDİ.
SUJETLİ - HANSISA BİR ƏHVALATI, HEKAYƏNİ, TƏSVİR EDƏN MİNİATÜRLƏR OLA BİLƏRDİ.
TİKMƏ -- İYNƏ VƏ SAPIN ƏSASA OLAN MÜNASİBƏTİNDƏN ƏMƏLƏ GƏLƏN ZƏRİF , İNCƏ MƏQAMLARDIR
TİKMƏLƏRİN NÖVLƏRİ:
1. TƏKALDUZ TİKMƏ
--- Əsasən ipək sapla mahud, yun kimi qalın parçaların üzərində işlənən ən qədim tikmə növlərimizdən biridir. Naxiş və rənglərin gözəlliyinə görə həm saray, həm də sadə camaatın
sevimlisi olan təkalduz tikmə tikmə qədim Şərqdə geniş yayılmışdı.Şəki və Təbriz sənətkarları bu tikmələrdə ustalıqları ilə məşhur idilər. Keçmişdə mahud və yun kimi
parçalar üzərində işlənilirdi.Hal-hazırda çox müxtəlif müasir parşalar üzərində işləmək olar.Qədimdə yalnız ipək saplardan istifadə edirdilər, hal-hazırda çox müxtəlif
sənaye üsulu ilə hazırlanmış saplardan da istifadə etmək mümkündür. Lakin bu sənətkardan tikmə texnikasının mahir bilicisi olmağı tələb edir.
SAXNAQ - SAXLAMAQ sözündən əmələ gələn bu söz parçanı saxlayan mənasında işlədilir. İki yumru taxta halqadan ibarət olan bu alətin üzərinə parça açılır və bu
taxtalar biri digərinə keçirilir.Parça saxnağın arasında tarım çəkilib dartılır.O qədər tarımlaşdırılmalıdır ki, toxunduqda səs çıxartsın. Tarım çəkilmiş parçanın üzərinə
deşilmiş naxışlı kağız qoyulur, kül və ya təbaşir tozu səpilir. Deşiklərdən kecən toz naxışın rəddini ( konturunu ) parçaya köçürür. Buna gərdə ilə naxış köçürmə deyilir.
Daha sonra qarmaq adlanan alətlə parçanın tərs üzündən sap bir əllə verilir, parçanın düz üzündən o biri əllə alınır.Təkalduz tikmə iki üsulla icra oluna bilər. GƏZMƏ
və DOLDURMA.XIX əsrin sonunda naxışlar daha çox gəzmə üsulu ilə işlənilirdi.bu effektli və tez hazır olduğu üçün daha çox işlənilirdi. Naxçıvan, Qazax, Təbriz,
Ərdəbildə bu qarmağa qullab, tikməni isə QULLABDUZ adı ilə tanıyırdılar.Gəzmələri bəzi müəlliflərin fikrinə görə tüstü burumlarına bənzətdiklərinə görə belə
adlandırdıqları güman edilir.Sovet illərindən əvvəlki dövrdə dilimizdə çox sayda qonşu dillrdən xüsusiylə fars dilindən gəlmə sözlər işlədilirdi.Müxtəlif sənətkarlıq adlarını
farslara, qonşulara aydın başa salmaq üçün peşələr anlaşılan puştu( əfqan ) sözü ilə izah olunurdu. Məsələn: palanduz-palantikən, cuvalduz-cuvaltikən, zərduz-güləbətin tikən,
küllahduz-papaqtikən kimi peşə adları geniş yayılmışdı.Burda "duz" tikmək mənasını verən əfqan söz hissəsidir.təkalilmə- təkaldus təbiətin füsünkar gözəlliklərini dəri ,
yaxud parça üzərinə köçürülməsi sənətidir.Qədim Turk xalqlarına mənsub olan təkalilmə qonşu xalqlara da keçmiş və geniş tətbiq edilmişdir.Çox qısa zamanda bütün Şərqdə
yayılmasının səbəbi hamı tərəfindən bəyənilməsidir. Təkalduza İranda QULLABDUZİ, Türkiyədə QASNAQ ( sıxıb saxlanılan -köhnə türkcədə qasnamaq sözündən ),
Özbəkistanda YURMA( yumru-gəzmə deməkdir özbəkcə ), SÜZƏNİ-(özbəkcədə üzmək mənasını verən söz ), tatarlar TAMBUR ( dəf kimi gərilmiş olmaqla musiqi
alətinə bənzətdiklərinə görə ), taciklərdə DARAFŞ(tacikcədə pəncərə), qazaxlarda İLQƏQİMEN ( qazaxcadan birinci ), qırğızlarda İLMƏŞƏBƏKƏ, Dagıstanda
TEKALTIİLME, Hindistanda ARİ ( ancaq üst kastaların geyimlərini bəzəməkçün istifadəsinə icazə verilirdi) deyirlər. XVIII əsrdən Fransanın Lyunevil şəhərində
Lorrensk hersoqlarının rezidensiyasında işlənməyə başlanıb.Burada saray geyimlərinə yalnız pilək və muncuq tikməkçün istifadə olunub. Çox nazik parçalara tərs üzdən muncuqlar
tikilirdi. Nazik parçalarda işlənməsi düz üzdəki muncuqları görməyə imkan verirdi. Azərbaycan tikmələrinin əsas qollarından biri olan təkalduz tikmə tək və digər tikmələrlə
birlikdə tətbiq oluna bilər . Arifə xanım Məmmədova bu tikməyə ikinci nəfəs verən sənətkarlarımızdandır. Onun sayəsində təkalduz tikmə itib batmaqdan xilas olmuş və inkişaf
dövrünə qədəm qoymuşdur. Bu tikməni həm dekorativ tətbiqi sənətin ən yüksək mərhələsinə qədər ucaltmış, həm də rəssamlığın ən mürəkkəb janrlarında bütün dünyaya
tanıtdırmışdır.
2. GÜLƏBƏTİN TİKMƏ
--- Əsas daşıyıcı tikmə məktəblərimizdən biridir. Ən qədim tikmə növümüz olan güləbətinlər böyük tarixi yol keçmiş, sarayların, sulatanların bəzəyi olmaqdan, xalqın xoş
günlərinin bəzəyi olmağa qədər müxtəlif dövrlərdə bəyənilərək əzizlənmişlər.Güləbətin tikmə taxtagargah adlanan iki taxta parçası arasında tarımlaşdırılmış ağır və
qalın parça üzərində icra olunur.Yerlik kimi əsassən tund prəngli parça seçilirdi. Adi iynəyə ipək sap kecirilir, bu sap bərkitmək üçün istifadə olunacaqvə düz üzdə demək
olar ki,görünməyəcək.Bu sapın rəngini düz üzdə işlənəcək metal sapa uyğun seçirdilər.Əsas dekorativ tikmə isə qızılı və yaxud gümüşü sapla icra olunur. Bu saplara da
güləbətin sap deyilir. Qədimdə bu saplar xalis qızılın özündən hazırlanırdı, lakin kövrək metal olduğundan çox tez qırılırdı və tikilməsi xususi qabiliyyət tələb edirdi.
Əsasən saray geyimlərində, bu materialdan istifadə edirdilər.Daha sonrakı dövrlərdə zəruri elastikliyi əldə etməkçün yüksək əyarlı gümüş teli qızıl suyuna (zağa ) salmaqla
xüsusi simkeşlər tərəfindən hazırlanmış saplar geniş yayıldı və bu saplar daha davamlı olduqları üçün naxış müxtəlifliyi yaratmağa imkan verdi. XIX əsrin sonu - XX əsrin
əvvəllərindən isə fabric üsulu ilə hazırlanmış qızılı zərli saplardan istifadə olunur. Xalis qızıl saplar hər sənətkara etibar olunmurdu.Bu seçilmiş xüsusi sənətkarların
hünəriydi.Və hər sənətkarın da bu sapları özünəməxsus şəkildə bərkidərərk naxış vurmaq qaydası,öz dəsti xətti vardı.Bahalı oldugu üçün yalnız bir üzlü tikmə üsuli ilə
digər köməkçi sapla (adətən ipək yaxud iplik - pambıq sapla ) parçaya bərkidilir. Daha sonrakı dövrlərdə işləmə texnikası iki yerə bölünür:
"zəminduzi" və "məlihəduzi". ZƏMİNDUZİ Şamaxı, Astara, Lənkəran bölgəsində çox işlənilirdi. Səthi hamar olan bu tikmə örtmə tikmə texnikasına çox bənzəyir. Bütöv
görüntü alınırdı. MƏLİHƏDUZİ tikmə isə səthi qabarıq və relyefli olmaqla daha mürəkkəb görünür. Daha çox Bakı, Şuşa, Naxçıvan bölgələrində işlənilirdi. Naxçıvanda
bu cür güləbətinlər NAĞDA adlanırdı. Səthin qabarıq görünməsi üçün bir qat qalın sapla örtmə tikmə ilə işlənir, sonra üzəri qızılı sapla ortülürdü. Daha sonrakı
dövrlərdə keçə,qaytan parçalarından istifadə olunurdu. Orta Asiya güləbətinlərində altına formalı kəsilmiş karton qoyulur. Bu daha da metallik, sərt görüntü almağa xidmət
edir. Kontrast qabarıqlıq üzərində ipək sapla naxışlar tikərək relyefdə əlavə formalar yaradan mahir ustalar var idi. Güləbətin tikmə digər tikmələrdən naxış kompozisiyaları
ilə də kəskin fərqlənir. Burada daha çox həndəsi formalar üstünlük təşkil edir. BU simlərin qatlanma bucaqları ilə əlaqədardır. Materiallar təkmilləşdikcə daha sonrakı
dövrlərdə nəbati, kosmoqonik, zoomorf elementlər, kalliqrafik yazılar da əlavə olundu.
3. MƏLİLƏ TİKMƏ
--- Tam məlilə tikmə ilə işlənmiş nümunələrə rast gəlinmir. Çox vaxt tamamlayıcı vasitə kimi güləbətin tikmə, pilək tikmə, muncuq tikmə ilə yanaşı görmək olar . İşləndiyi səthə
qabarıq effekt verir. Əsasən ətrafı digər tikiş elementləriylə haşiyələnir. Məlilə metal simdən hazırlanmış spiraldır. Metal spiral kəsilərək içərisindən saplı iynə
keçirilərək muncuq tikmə kimi tikilir. Keçmişdə yalnız bir cür məlilə vardı. Hazırda isə materiala görə sərt və yumşaq, formaya görə isə sadə, buruq, kvadrat, yumru,
ikiqat buruq formaları var.Keyfiyyəti hazırlandığı simin qalınlığına görə də dəyişə bilər.Bu qədər mürəkkəb materialla işləyə bilmək sənətkardan xüsusi vərdişlər tələb edir.
Məqsədə görə həm kəsilərək tikilə, həm də buruqlar az və ya çox dərəcədə dartılaraq tikilə bilər. Dartılaraq tikmək üsulu adətətn kənar haşiyəyələrdə naxişları
aydınlaşdırmaqçün istifadə olunur.Avropa müasir dünyada bu tikmə materialı olan məliləni KANİTEL kimi tanıyır, digər sərt formasına isə TRUNSAL deyir.
Sadə və aşırma üsulu ilə parçaya tikilə bilər.Sarma spiral ilə tikmə qədim Vizantiyada da məşhur idi.
4. MUNCUQ TİKMƏ
--- Muncuq tikməni toz muncuq tikmə, mirvari tikmə, gümüşlə örtülmüş kiçik güzgü parçaları tikmə kimi növlərə ayırmaq olar. Çox xırda ölcüdə olan təbii daşlardan ,şüşə
muncuqlardan - daha sonrakı dövrdə hindistandan gətirilmiş muncuqlardan istifadə olunurdu.Ölçülərinə görə bunlar çox xırda olurdular.Ən geniş yayılmış forması isə xırda
mirvarilərin tikilməsi idi.Bunu da qeyd edim ki,qədim toz muncuqlarının deşikləri o qədər incədir ki, müasir iynəni ordan keşirtmək mümkün deyil.Qədimdə də bu muncuqları
ilə deyiltükdən ,əsasən isə at tükündən keçirdərək düzüm düzər, sonra o düzümü əsasən ipək yaxud iplik sapla parçaya tikərdilər bəzən qabların üzərini də belə düzüm
muncuqlarla örtərdilər.Qiymətli tikmə olduğu üçün ancaq xüsusi saray geyimlərində mirvari və qiymətli daşlardan, güzgü parçalarından istifadə olunurdu.güzgülər gümüşdən
hazırlanırdı və xüsusi qaydada kənarı haçiyələnərək parçalara tikilirdi.Toy geyimlərində də mirvari bəzəklər çox dəbdə idi. Mirvarisudan çıxarılan ağ inci dənəsi olduğuna
görə gəlinlərin al qırmızı geyimlərində gözəl görünürdü.yerlik kimi də bahalı və ağır parçalar götürülürdü. Çünki bu muncuq materiallar öz ağırlıqları ilə məmulatı daha da
ağırlaşdırıb dartırdı.Muncuqlu tikmə sahəsində Sitarə Rəhimova böyük işlər görmüş, bu tikməni bədii yaradıcılığın ən yüksək səviyyəsinə yuksəltmişdir.
5. PİLƏK TİKMƏ
--- Müxtəlif əlvan metaldan hazırlanmış təbəqələrinyaradılması ilə yaradılan tikmələrdir.Qədimdə bu təbəqələr qızıldan və gümüşdən, bəzi hallarda misdən kəsilərdi.olar Çox
mürəkkəb və sadə formalarda oa bilərdilər.Ay,ulduz kimi səma cisimlərinə,muxtəlif sadə və mürəkkəb güllərə- çoxtaclı gul,dördtaclı gül,çoxləçəkli,gülxonça; müxtəlif sadə
və mürəkkəb yarpaqlara rast gəlinirdi.Ücyarpaq çox sevilən piləklərdən idi. Bundan başqa müxtəlif formalı agaclara da rast gəlinirdi ,məsələn sərv ağacı formalarını, quş
və balıq formalırını da tapmaq olar. Simvolik rəmzli buta, romb, ücbucaq, dairələr və svastik elementlərə,simgələrə rast gəlinirdi.Qızıldan olması səbəbi ilə qarətçilərin
diqqəti çox çəkdiyinə görə mürəkkəb nümünələr qorunub saxlana bilməmişdir. Ancaq texniki xüsusiyyətlərinin mürəkkəbliyinin qorunması və xalqımız tərəfindən çox sevilməsinin
səbəbi də gözəlliyindədir. Bu qədər mürəkkəb formalar daha çox zərgərlər tərəfindən çaxma üsulu ilə hazırlanırdı.Gəncə dəmirçi və zərgərlərinin hazırladıqları piləklər bütün
Şərqdə məşhur idi.Sürsənbə deyilən bir alətin vasitəsiylə zərgər və ya bəzi xüsusi hallarda sənətkar özü hazırlayırdı. Sürsənbə silindr formalı yumru başlıqlı bir alətdir.
Onun "erkək " adlanan uc tərəfini çox nazik açılmış əlvan metaldan hazırlanmış lövhəciyin üzərinə qoyur üstundən ağır cəkiclə zərblə vururdular.Bulövhəciklər o qədər nazik
olurdu ki, plastik struktur qurluşa malik olurdular.Zərblənin təsirindən naxişlı çökəklik alınırdı. Həmin döyməyə, vurmaya çaxma alınan məhsula isə ÇAXMA PİLƏK və
tikməyə isə bəzi yerlərdə ZƏRƏNDUZ deyirdilər.Burada zər-qızıl, duz-tikmək mənasını verdiyinə görə ,sözün açılışı qızıl tikən deməkdir.Çaxma piləklər parçaya
məqsəddən asılı olaraq həm qabarıq, həm də çökək formada tikilə bilərdi. Arxeoloji qazıntılar nəticəsində eradan əvvəl IV - I əsrlərə aid çökəkli və qabarıq rəsmli
lövhəciklər küp qəbirlərindən tapılmışdır. Alimlər həmin tapıntıları tikmə və zireh bəzəyi olduğunu güman edirlər. XIX əsrin sonlarında isə xüsusi zərgərlər
tərəfindən artıq döymə, basma, qəlib və hətta kəsmə üsulu ilə də piləklər hazırlanırdı.Zərgərlik inkişaf edən sənətkarlıq şəhərlərində - Şamaxı, Şəki, Bakı, Şüşa daha çox
yayılmışdı. Şamaxı və Şəkidə taxçaüstü sərpərdələrin çaxma piləklə bəzədilməsi dəb idi. Üzəri çaxma piləklə bəzədilən "sarğı" və "qondaryüzü" adlanan başmaqlar Şüşada şöhrət
tapmışdır. Gülbuta, gülbənd, gülxonça şəklində olan qızıl, gümüş düymələr Bakı- Şamaxı zonalarında GÜLDÜYMƏ adlanırdı. Dağlıq və dağətəyi bölgələrdə onlara
DÜYMƏ HƏBBAF deyirdilər.Xalis qızıl asma çaxma pilək butalar isə ƏŞRƏFİ və formaca bir az müxtəlifi isə ƏNBƏRÇƏ adı ilə çox uzaqlarda da tanınırdı.
Güləbətin,muncuqlu,piləkli və digər qiymətli tikmələr kimi oxşar utilizar xüsusiyyətləri vardır. Bu tikmələrlə işlənmiş nümunələri yumazdılar.Həm geyimlərdə ,həm də ev
bəzəklərində genişistifadə olunurdu. Qollu -qolsuz, ətəkli - ətəksiz kürəkcələr ( arazvari ) ,zıbın, don, və qadın geyimlərinin ətək və yaxalarına, kurək və çiyinlərina
tək tək və ya qaytanla ( ipə düzülmüş ) birlikdə düzülür,xüsusi gözəllik qatırdı.çaxma pilək geyimlərimizi xüsusilə zinətləndirirdi. Sim və çaxma piləklə tikilmiş böyük və
kiçik pərdələr olduqca zövqlü və müxtəlifdir.Şüx rəngli saya parça üzərində xoş və gözü oxşayan rəngli sapla çaxma piləklərin birləşməsi gözəl bir mənzərə yaradır. Daha çox
haşiyə şəklində düzülürdü. Doldurmaqçün istifadə olunan növbəli düzülüş görünücə zireh formasına bənzəyir və bir ayrı cür parlaqlıq yaradır. Hazırda daha çox yumru formada və
müxtəlif diametrdə,rəngdə, formada olan plastik lövhələr fabrik üsulu ilə istehsal olunur.Ölçü və forma müxtəlifliyi işləmə texnikasını mürəkkəbləşdirməyə imkan verir.
Tikmələrdə piləklər tək -tək, cərgəylə, sap görünən yaxud sapı gizlədən , tək pilək -tək muncuqla, tək pilək - asılma çox muncuqla, növbəli, şəbəkəli, muncuqlarla növbələşən və s.
formada tikilə bilər.
6. QURAMA TİKMƏ
--- Qurama tikmə parça istehsalı yaranandan mövcud olmuşdur. Nizami Gəncəvinin əsərlərinə çəkilmiş ən məşhur miniaturlərimizdə xalqın o zamankı məişətində mühüm yer tutmuş
qurama ilə örtülmüş çadırları görmək olar.O dövrdə keçə parçalarını həllaclar ya yenidən emal edərək birləşdirir ya da qurama üsulu ilə tikərək böyük sahələri örtmək üçün
geniş istifadə edirdilər.Əsasən massıv əşyalarçün məişətimizin ayrılmaz bəzəyi olmuşdur. Hazırda keçmişdə olduğu qədər məişətimizdə geniş istifadə olunmasa da günümüzə
qədər məişətdə istifadə edilən bir növdür. Məsələn ən yaxın günlərə qədər analarımız qazantutanları özləri evdə olan parçaları birləşdirərək tikərdilər.Böyük yorğanüzülər
hazırlamaqçün rəngli parçaları naxışlarına ,rənglərinə, materialına görə çeşidləyirlər. Sonra qadınlar öz dünyagörüşü və rəng duyumuna görə həndəsi elementlərdən ibarət
kompoziyaya uyğün kiçik parçalara döğranır.Onlar dödbucaq, ücbucaq , kvadrat, zolaqlar formasında ola bilər. Əvvəlcə kiçik rəng blokları hazırlanır. Tikildikcə nəticə
kontrol edilə bilsin deyə kiçik hissələr yığılır və daha sonra hissə hissə daha böyük hissələrə birləşdirilir, sonra o hissələr də müxtəlif cür qoyularaq ondan da böyük
hissəyə birləşdirilir.Örtüklər, yorğanlar, yastıqçalar, salfetlərin,döşşəkçələr bu üsulla üzlənirdi.Yəqinki hər biriniz nənənizin evində olan üçbucaqlardan ibarət
döşşəkcələri hələ xatırlayırsız.Həndəsi formada kəsilmiş parçalar birləşdirilərkən nəticənin estetik və praktik cəhətdən üstün olması üçün xırda parça kənarlarının
gizlədilməsinə xüsusi diqqət edirdilər.bününçün müxtəlif cür tikmək qaydalırdan istifadə edirdilər.Hələ qədimlərdən bir birinə əl ilə birləşdirilən bu parçaları indi texniki
maşınların köməyi ilə etmək mümkündür. bu da çox istiqamətli tətbiq perespektivləri yaradır. Əgər əvvəllər köç həyatı yaşayanlar daha çox istifaadə edirdilərsə, indi daha
müasir sahələrdə tətbiq oluna bilər. Tikmələrin hər bir növünün sakral mənaları var.Qurama tikmə kiçiklərin birləşərək böyük ola biləcəyinə bir işarədir. Günümüzə
gəlib çatan bu məktubları oxuya bilmək çox vacib məslədir.Parçaların müxtəlifliyi və rəngarəngliyi bu sahədə gözəlliklər yaratmağı sərhədsiz edir. Lakin yadda saxlamaq
lazımdır ki,parçaları rənglərə görə kombinə edərkən onların mmaterialları təxminən eyni qalınlıqda olmalıdır. Liflərin istiqaməti də eyni olarsa dartılaraq əyilmə verməz.
Parçaların çox baha olduğu dövrdə ən xırda qırıqları belə gözəlliyə çevirə bilən nənələrimizdən qalan bu sənətimizi hazırda dünya moda podiumlarında görmək olar.
Avropada patchwork adıyla tanınan bu tikməni muasir məişətdə və geyimlərdə tətbiq etmək mümkündür. Ən çox Abşeronda, Gəncədə, Qazaxda və Gədəbəydə rast gəlindiyi
deyilsə də XIX əsrin sonunda quramasız ev təsəvvur etmək çətindir. Qurama tikmələrin unudulmamasında sənətkarımız Xalidə Nəsirovanın zəhməti böyükdür.
7. MƏXMƏRTEL TİKMƏ
--- Qədimdə məxmərtel tikməni ancaq digər tikmələrlə bərabər pərdə və taxçaüstülərin müəyyən hissələrdə istifadə edirdilər. Ornamentlərin kənar haşiyələrinin daha gözəçarpan olması
üçün bir rədd( kontur ) kimi işləyirdilər.Bununçün iki iynədən istifadə olunurdu. İynənin biri köməkçi kimi sapı parçadan azca aralı saxlayır, o biri işlək saplı iynə ilə
geriyə tikiş atmaqla bərkidirlər. Bu tikməni qədim üsullarla işlənməsi çox zəhmətli olmasına görə uzun bir dövr itirilmişdi. Bəzi yerlərdə içi asanlaşdırmaqçün sadəcə
xovlu saplardan istifadə edirdilər. Yəni ipək sapın burulmamış halı çox xovlu olmaqla parçanın üzərində qabarıqlıq yarada bilirdi. 1980 -cı illərdən başlayaraq Əliyev
Əlimahir adlı rəssam tərəfindən bərpa edilmiş, tələbələrə öyrədilmişdir. Bu tikmə qədimdə tamamlayıcı element olmasına baxmayaraq rəssam tərəfindən çəkilmiş tabloların bu
tikməylə işlənməsinə başlamışdır.Həm də tikmənin işlənməsi üçün yeni texniki vasitələrdən istifadə olunması onun daha sürətli, effektli işlənməsini təmin etmişdir.
Bütöv bir əsərin bu tikməylə işlənməsi və nəticənin hamı tərərfindən sevilərək qarşılanması bu tikmə növünü itib batmaqdan xilas etməklə yanaşı qarşısında yeni
perespektivlər açmışdır. Təmamilə məxmərtel tikmə ilə işlənmiş panolar xalçaya çox oxşayır. 1 kv. sm.- də 100-120 ilmə, daha mürəkkəb naxışlarda isə incə ipəklərlə
işləndikdə hətta 200 ilmə də ola bilər. Üzərində kəsim işi aparılarsa daha da mürəkkəb görüntü almaq mümkündür. Hal-hazirda bu bir sənət növü olaraq tərəfimizdən
inkişaf etdirilməkdədir.
8. İYNƏDABANI TİKMƏ
--- Bu tikmə parça üzərində fasiləsiz cərgə yaradır.Sağdan sola iynəni parçaya batırıb birinci tiktiş qoyulur. Məsələn tutaq ki bu tikiş dörd parça lifi enindədir.Sapı soldan sağa
keçirirk. İkinci tikişi tikməkçün iynəni birinci tikişin qutardığı yerə batırırıq və içəri tərs üzə keçirdirik.Dörd parça sapı enində soldan düz üzə çıxardırırq. Beləliklə tərs
üzdəki tikiş düz üzdəkindən iki dəfə uzun alınır. Sonrakı hər tikiş əvvəlkinin bitdiyi yerdə başlayır. Tikiş xəttlərinin uzunluqları bir-birinə bərabər olmalıdır. Bününçün isə
əsasın saplarını sayaraq işləmək məsləhətdir.Bu tikişlə çox vaxt muncuqlar, piləklər məxmərtel saplar və digər əlavə materiallar parçaya möhkəm bərkidilir.
SANDIQ İYNƏSİ
--- Bu tikişi iynədabanı tikişin bir növü kimi də saymaq olar. Bəzi müəlliflər eyni tikiş hesab edirlər. Texniki cəhətdən oxşarlığı olsa da, çox fərqli
görüntü alınır. İynədabanı tikmədəki kimi icra olunur, sadəcə birincidən başqa sonrakı geriyə atılan hər tikişi atarkən iynəni batırmamışdan əvvəl sapı soldan sağa
keçirtmək lazımdır. Yəni sapıiynənin başına bir dəfə fırladırsan. Görünüşcə təkalduz tikməyə oxşayan düzüm alınır.Təkalduz tikməyə çox bənzəsə də tərs üzündən ayırmaq
olar.daha bir fərqi çox çətin sökülməsidir.
9. QUŞ GÖZÜ TİKMƏ
--- Bu tikmə güləbətinlərlə bərabər icra olunurdu.Abşeron bölgəsində ona CİNAĞI, Naxçıvanda isə CÜLMƏ tikmə deyirdilər. işləmə texnikasına görə düyün və ilgəh
tikişi ilə icra olunur. Xarakterik xüsusiyyəti çox kiçik olmasıdır. Balaca qızıl piləklər ölçüsündə parlaq ağ ipəklə tikilən bu incilər əsasən şəbkülahların, araxçınların,
bəzədilməsində istifadə olunurdu. Düyün texnikası ilə tikildikdə isə ağ muncuqllara bənzəyirdilər. Qızılı güləbətinlərlə cazibədar görünən bu ağ bəzəklər qiymətli materialları
bəzən əvəz edirdi. Məsələn yuxu papağı olan şəbkullahlarda gümüş piləklər işlətmək narahatedici ola bilərdi. Quşgözü ilə tikilmiş parıltılı ipək dairələr isə qiymətli
materialları imitasiya edir və gözəlliyini dah da artırırdı. sonrakı dövrlərdə Avropada da bu tikmə XVIII əsrin birinci yarısından başlayaraq rokoko üslubunda tikmələrdə
istifadə edilib. Xüsusi ilə düyün texnikası fransız düyünü adı ilə orda geniş yayilmışdı. XIX əsrin sonlarından isə rus tikmələrində də tətbiq edilmişdi.
10. SIRIMA TİKMƏ
--- Günümüzə qədər məişətimizdə yer alan tikmələrdən biridir. Hər birimizin evində ümid edirəm ki, hələ də sırınmış yun yorğanlar var. Bu yun yorğanlara naxışlı sırıq vurulması
işi hələ qədimdən qoyunçuluğun yuksək inkişf etdiyi dövrlərdən mövcuddur. Hətta köçəri yaşayış dövründə daşıma zamanı yunun yorğanın içində gəzməməsi məqsədiylə astara
tikilməsi vacib idi.Gəncə yorğanları yaxın zamanlara qədər məşhur idi. Toy adətlərinə xüsusi qayğı göstərən xalqımız gəlinlərçün bəzəkli sıranmış yorğanlar hazırlamaq
adətini hələ də qoruyub saxlayıb. İndiyə qədər hər qız üçün cehizi anası, yaxınları hazırlayar, yorğanları öz əlləri ilə sırıyardılar. XIII-XIV əsrlərdə isə xəlvətilik
təriqətinin baş geyimi olan papaqlar bu tikmə ilə hazırlanmağa başlanmışdı. Bu papaq çox simvolik məna daşıyırdı. Sufi cərəyanlarının hər birinin özünəməxsus rəmzləri
olmuş və bu onların papaqlarında da öz əksini tapmışdır. Xəlvəti təriqətinin simvolu da dörd bölümlü, 40 zolaqdan ibarət idi. Dörd bölüm - Qurani- Kərimin "İxlas"
surəsinin dörd ayəsinə işarədir. Xəlvətdə 40 gün ibadət etmələrinə və sufi cərəyanlarının 40 olmasına işarə kimi 40 zolaq tiklərdi. Rəvayətə görə xəlvətdə olan ibadətin
son günündə şamaxılı təriqətin ilk qurucusu olan Pir Ömər yuxusunda Məhəmməd peyğəmbəri( s.ə.s. ) görür. Yuxuda onun başına papaq qoyduğunu görmüş və xəlvəti əmmaməsi
bununla bağlı olaraq meydana gəlmişdir.Sırıma tikmə ilə işlənmiş belə bir papaq Milli Tarix Muzeyinin etnoqrafiya fondunda saxlanılır.Bu tikmə ilə yorğanlardan başqa
şəbkullahlar,araxçınlar, namazlıqlar işlənirdi. Əsa olaraq əlvan, parıltılı,əsasən ipək parça seçilirdi. sadə irəli tikiş qaydası ilə və yaxud sus tikişi iləiçra olunurdu.
əgər estetik cəhətdən gözəl olması lazım idisə ipək saplardan, digər hallarda isə pambıq saplardaa istifadə olunurdu. Tikişin qabarıq olması , naxışın aydın görünməsi üçün
üz və astar arasına bir lay yun, yaxud pambıq qoyulurdu.Naxışlar isə utilitar xüsusiyyətdən asılı olaraq dəyişə bilər sadədən ən mürəkkəb formalara qədər ola bilərdi.
11. ÖRTMƏ, DOLDURMA TİKMƏ
--- Adından da göründüyü kimi aralıq sahələrin doldurulması üçün istifadə olunurdu.Keçmişdə müxtəlif saplarda istifadə olunurdu. Həm yun, həm ipək saplarla işlənilirdi.
Bu tikməni digərlərindən fəqləndirən xüsuyyəti içli motivlərin üstünlük təşkil etməsidir. Tikmə zamanı ilmələr bir birinə çox yaxın paralel və yaxud növbəli çərgə ilə
düzülə bilər.Doldurma tikmənin sadə, atlas, döşəməli, bədii, ağ, çin üsulu növləri var. Adları texnikasını səciyyələndirir. Güləbətin tikmə doldurma tikmə texnikası ilə
oxşar cəhətlərə malik olsa da müxtəlif materiallarda icra olunur. Əgər güləbətin qalın parçalarda işlənirdisə, doldurma tikməni dah nazik parçalarda işləyirdilər.Tül kimi
çox nazik parçalarda İKİÜZLÜ ATLAS DOLDURMA icra olunurdu ki bu da çox effektli görünürdü. Birüzlü, SAYA DOLDURMAda sapa qənaət olunsa da heç də gözəlliyi az
deyildi. Müxtəlif balınc üzləri örtüklər çox sayda işlənir və hər evdə vardı.Yaxşı axtarsaz nənələrinizin sandıqlarında mütləq belə işləməli tikmələr taparsız. Çünki ən yaxın
vaxtlara qədər qadınlarımız öz məişətlərini bəzəməkdə öz əlləri ilə işlədikləri tikmələrdən istifadə edirdilər. Bütün turkdilli xalqlarda geniş yayilmış bir tikmə növüdür.
Turkiydə onu "çin iynəsi", Özbəkistanda isə " basma" adıyla daha çox tanıyırlar. Doldurma tikmə XIX əsrin sonlarında yaranan mulinə deyilən çox rəngli,tiftiklənməyən
pambıq saplarla tikilir. Sovet dövründə orta məktəblərdə qızlara bu tikmə öyrədilirdi.XVIII əsrdən başlayaq Almaniya və İngiltərədə bu tikmə məşhurlaşır. Avropa moda
həftəsinn podumlarında tez tez rast gəlinən tikmə növüdür.Təəssüf ki əsasən Çin, Vyetnam, Koreya kimi ölkələrdə çox geniş tətbiq edilir. Yerli tikmə məktəbimizi dirçəltmək
lazımdı. Mexanikləşmə dövründə maşın işlərinin çoxalması bəzi hallarda doldurmanın əllə içrasını lazımsız görünməsinə səbəb olur. Amma həm maşın, həm də əl tikişini analiz
edən biri kimi deyim ki, heç bir maşın insan əlini əvəz edə bilməz. Maşınla doldurulmuş sahə cansız və quru görünür. Çünki yalnız insan əlinin hərarəti dəyəndə saplar
parçanın üzərində bir ayrı çür oynayır, daha da canlılaşır, sanki danışır.
12. TOR TİKMƏ
--- Bu tikmə qədimlərdə rübəndlərin hazırlanmasında istifadə olunurdu. Parçanın bir neçə sapını cıxardır və yerdə qalan sapları arakəsmələr şəklində iynəli sapla tikirdilər.
Beləliklə alınan pəncərələri romb, üçbucaq, pilləkən kimi yalnız həndəsi formalar verirdilər. Belə rübəndi başına örtən xanımlar yaranan kiçik boşluqlardan ətrafı görə bilirdilər.
daha sonrakı dövrlərdə isə qadınların üst geyimlərinin bəzədilməsi üçün istifadə olunurdu. Məsələn Xurşudbanu Natəvan öz xalası qızıyçün öz əlləri ilə tikdiyi köynəyin yaxasına
və qollarına tor tikmə ilə naxış salır və yaxasına üç brilyant qaş da bərkitmişdi.Daha sonralar bu texnika ilə təkcə həndəsi deyil nəbati ornamentlər də işlənmişdir.Çox təəssüf ki,
həddindən artıq müasirləşmək istəyi rübəndlərimizi bəzəyən bi tor tikmələrimizi unutmaq üzrəyik. Avropa XİX əsrin sonlarında bu texnikaya yiyələnib. Bu tikmə texnikasını bilənləri
adada saxlayır, onların adanı tərk etməsinə qadaga qoyurlar. Lakin təsaduf nəticəsində Fransaya köçənlər tacirlər oradakı tor məktəbinin bir iki tələbəsini də özləri ilə aparır
Fransada yeni məktəb qurur və bundan böyük qazanc əldə edirlər.Avropada bu tikməni daha çox xardanqer adıyla işləyirdilər. 2009-cu ildə UNESCO Xorvatiya krujevasını
(tor tikmə) "Qeyri-Maddi Mədəni İrsi" siyahısına daxil etmişdir.
13. ŞƏBƏKƏ TİKMƏ...
--- Şəbəkə tikmə texnikasına görə iki üsulla icra oluna bilər. Naxışlar çəkilir, kəsilir ,dah sonra kənarı ilgəh tikişi ilə tikilir və saplardan təmizlənir. Digər üsulda isə
naxiş çəkilir, ilgəh tikişi ilə tikilir sonda aralıq sahələr kəsilir.Alınan naxışları qruplaşdırsaq körpüsüz, sadə körpülü, sadə körpülü- şəbəkəli, əsas parçanın şəbəkəsi,
arı şanını xatırladan şəbəkəli, mürəkkəb şəbəkəli, qeyri-mütənasib şəbəkəli qruplara bölmək olar.Şəbəkəli ara hissələri az olan və çox böyük boşlüq hissələri olan
şəbəkə tikmə nümünələrinin hərəsinin öz gözəlliyi və zərifliyi var. Qədimdə tor tikmə kimi rübəndlərin və çarşapların hazırlanmasında istifadə olunmaqla yanaşı, həm də
evlərdə xüsusən uşaq yorğanlarının , süfrələrin, çıraqüstülərin, taxca üstü örtüklərin hazırlanmasında geniş istifadə eduirdilər. Sovet dövründə də balınclara,süfrələrə,
pərdələrə və hətta köynək yaxalıqlarina da şəbəkə tikmə işləmək adəti vardı. Avropaya bu tikmə XIV - XV əsrlərdən italiyadan keçərək yayılıb. Avropada onu Venesiya
tikməsi,reticella, renesans, ingilis tikməsi və rişelye adı ilə tanıyırlar.Dünyanın bütün ölkələrində özünə yer tapan bu tikmənin İtaliya, Fransız , İngilis, Amerikan,
Meksikan, Hindistan , Çex, Polşa, Niderland, Rus, Madeyra məktəbləri var. Müasir şəbəkə tikmə bütün növ parşalarda icra oluna bilər. ən yeni texnikalarla da icra
olunur,məsələn lazer kəsimlərlə işlənmiş şəbəkələri heç tikməyə ehtiyac qalmasa da o da şəbəkə tikmə hesab olunur. Mürəkkəb kəsimlərçün geniş imkanlar yaradan lazer
kəsimlə təkcə kəsmək yox parçaya isti təzyiqlə basma naxışlar da salmağa imkan verir ki, bu da növ müxtəlifliyi yaradır.Yeni işlərin yaradılması üçün tikiş maşınlarından
da geniş istifadə olunur.
14. SANAMA TİKMƏ
--- Sanama tikmə də tor tikmə kimi əvvvəlcə əsasdan sapların çəkilib çıxardılması ilə başlayır.Cod ağ kətan parça götürülür,onun sapı ərşin və arxac istiqamətindən say hesabı
ilə çıxarılır. Parça çox vaxt ağ rəngli və kobud növlərdən seçilirdi, çünki liflərini düzgün görmək, saymaq və çıxartmaq mümkün olmalıydı. Alınan şəbəkə iki -iki, bir- bir
olmaqla kontras rəngli-qırmız yaxud qara ipək, yun və ya iplik sapla tikilir. Bu deşiklərdən tikilən naxışlar xalçaları xatırladır. Xalçada olduğu kimi naxışlar sapları
saymaq üsulu ilə salınır. Çəp, düz, ulduz, yarım, duyu, qobelen tikiş texnikaları var. Şəki, Şüşa, Şamaxı bölgələrində sanama tikmə, Lənkəran, Astara bölgəsində isə xanduz
tikmə deyilir. Cənub bölgələrimizdə süfrəyə xan deyirdilər və bu naxışla da oralarda əsasən süfrələri bəzəyirdilər. Naxçıvanın XV-XVIəsrlərə aid olan Xarabagilan
qazıntılarında tapılan çoxsaylı tikmələr arasında örtmə və güləbətinlərlə yanaşı çoxsaylı sanama tikmə nümünələri də var. Kətan dizliyin balaq hissəsində qara, qırmızı
ipək saplarla yüksək sənətkarlıqla işlənmiş sanama tikməylə vurulmuş naxışlar vardır. XIX əsrin sonlarında bu tikmə dəbdə olan tikmələrdən biri idi. Xurşudbanu Natəvanın
şer dəftərinin cildi də sanama tikmə ilə işlənmişdir. Kənar sağ tərəfində cildin hazırlanma tarixi qara rəngli sapla tikilib - 1886-cı il. Albomda qızılgül təsviri də
sanama tikməylə tikilmişdir.Hazırda kanvaların - sapı çəkilmiş,yəni işləmək üçün hazırlanmış əsasın müxtəlif növləri və hətta müxtəlif rəngləri satışda vardır. Bu da
günümüzdə xanımları kanva hazlrlamaq kimi zəhmətli bir işdən azad edir. Hətta tikilməyə hazır sayılmış eskizlər həm satışda, həm də internet resuslarında çoxdur. Hazırda
daha çox mulinə saplarla tikilir. Çoxçeşidli və çox mürəkkəb rəng çalarlarında olan muline saplar asan tapılır. Müxtəlif ölçülü panolar hazırlanması mümkündür. Avropada bu
tikmə texnikasını çox sevirlər. Bolqar tikişi, italyan tikişi ənənələri var. Rusiyada VII-IX əsrdən başlayaraq geyimlərin, yaylıqların üzərində bu tikişlə naxışlar salır,
onlara sakral mənalar yükləyirdilər. Ukraynada da bütün xanımlaarın sevərək üzərində gəzdirdikləri geyimlərin yaxası və qolları mütləq bu tikməylə bəzənməli idi.
Onlar bu qırmızı sapla işlənmiş tikmələrin oları mənfi enerjidən qoruduqlarına inanırlar.
15. OTURTMA TİKMƏ
--- Oturtma tikmə ilə ta qədimdən bütün Türkdilli xalqlar məşğul olublar. Ən qədim tikmələrimizdən daha biridir.Hələ parça toxumazdan əvvəl keçə parçalarını bir birinin və
yaxud dəri parçalarının üzərinə qoyaraq bərkidir və oturdaraq yeni material əldə edirdilər. Beləliklə əvvəllər bir rəng hazırlanan keçə sonralar öz təbii rəngləri ilə -
ağ, qara, boz, qəhvəyi, qonur-qəhvəyi naxışlanmağa başlandı. Müxtəlif təbii rəngli dəvə və qoyun yununu yan -yana qoyaraq taxta toxmaqla döyəcləyərək ondan otutma üsulu
ilə estetik gözəllik yaradan əcdadlarımız daha sonralar bunu bütün materiallarda tətbiuq etmişlər.Bu üsulun ən qədimnümunəsinə Altay kurqanlarında tapılmış eramızdan əvvəl
III-I minilliyə aid edilən maral təsvirli keçə misal ola bilər. Sandıqların xarab olmaması üçün üzərinə çəkilən dəri üzlüklərə oturdulmuş keçə parçlarını ora
müxtəlif tikmə üsulu ilə, ən çox isə adi su tikişi ilə tikirdilər. Bir çox tikmələrlə bərabər geniş işlədilən bu tikməni demək olar ki, bütün tikmələrlə kombinə etdikdə gözəl
nəticə alınır. Qazaxlar otutma tikməyə "oyma" , qırğızlar isə "qoşma " deyirlər.Bu üsulla ALAGÖZ, ŞIRDAĞ kimi oturtma tikməli böyük yer ortükləri - xalçalar
hazırlayirlar. Yerli və xarici müzeylərdə onlarla belə nümunə vardır. Təkalduz tikməylə ətrafi haşiyələnmiş nümunlər çox gözəl görünür. Bəzən üzərindən güləbətin saplarla da
əlavə xətlər tikilirdi ki, bu da effekti daha da gücləndirir. Eyni zamanda arada boş qalan sahələrin uzun zaman sərf edərək rənglə doldurulması kimi bir çətinlikdən asanlıqla
qutarır. Ancaq rəngli parçaların uyğun formalarda kəsilib lazımı yerə oturdulması sənətkardan yüksək zövq və səliqəli qabiliyyət tələb edir.Kəsmə otutma tikmə ilə böyük sahəli
örtüklər yaratmaq mümkündür. Bu üsulla işlənmiş yer ortüklər, böyük pərdələr, at-heyvan üçün palanlar, qoşqu ləvazimatları, yəhərüstülər, tapança qabı, hətta quran qabı da
muzeylərimizdə qorunub saxlanmaqdadır. Müasir mədəniyyətdə aplikasiya adıyla daha çox tanınan bu tikmə geyimlərdə də geniş istifadə edilməkdədir.
...
TİKMƏLƏRİMİZ KEÇMİŞDƏN GƏLƏCƏYƏ ÖTÜRÜLƏN NAMƏLƏRİMİZDİR